Elvin Abbasov: Azərbaycanda iri şirkətlərin votsap nömrələri ələ keçirilir

“Son günlər kibercinayətkarların Azərbaycanda böyük şirkətlərin korporativ votsap nömrələrini ələ keçirərək şantaj məqsədilə istifadə etməsi halları müşahidə olunur”.
1news.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib.
O bildirib ki, bu, təkcə şirkətlərin reputasiyası və maliyyəsi üçün deyil, müştəri məlumatlarının təhlükəsizliyi baxımından da ciddi riskdir: “Hücum sxemi adətən sosial mühəndislik, fişinq linkləri və ya aldadıcı təsdiq mesajları vasitəsilə həyata keçirilir. Nömrə ələ keçiriləndən sonra şirkət rəhbərliyindən pul tələb olunur və onları məlumatların yayılması ilə hədələyirlər. Azərbaycan qanunvericiliyinə görə, bu əməllər ağır cinayət sayılır”.
E.Abbasovun sözlərinə görə, şirkətlər özlərini qorumaq üçün ilk növbədə iki mərhələli təsdiqləmə funksiyasını aktiv etməli, korporativ nömrələrə cavabdeh əməkdaşları maarifləndirməli və şübhəli mesajlara qarşı diqqətli davranmalıdır: “Eyni zamanda, “WhatsApp Web” sessiyaları mütəmadi izlənməli, şübhəli girişlər dərhal bağlanmalıdır. Hücuma məruz qaldıqda isə hüquq mühafizə orqanlarına vaxtında müraciət etmək, cinayətkarlara heç bir ödəniş etməmək və bütün sübutları toplamaq zəruridir.
Bu hadisələr bir daha göstərir ki, rəqəmsal təhlükəsizlik artıq hər bir qurumun əsas prioritetlərindən biri olmalıdır. Proseslərin və kommunikasiya kanallarının mühafizəsi yalnız texniki tədbirlər deyil, həm də davamlı maarifləndirmə və təşkilati intizam tələb edir. Azərbaycanın rəqəmsal mühitində belə halların qarşısının alınması üçün həm dövlət qurumlarının, həm də özəl sektorun birgə mübarizəsi vacibdir”.