Mikayıl Cabbarov: Yalnız forumun birinci günündə imzalanmış müqavilələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarına çatır

“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmiz və bütövlükdə bölgə üçün mühüm mərhələyə təsadüf edir”.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən 8 avqust tarixində imzalanmış sənədin məntiqi nəticəsi olaraq, Cənubi Qafqazda və daha geniş coğrafiyada iqtisadi fəaliyyətin və fəallığın artırılması üçün yeni imkanlar yaranıb.
Nazir forumun həm iştirakçıların sayı və keyfiyyətinə, həm də dövlət və korporativ nümayəndələrin siyahısına görə diqqət çəkdiyini vurğulayıb:
"Bu, ölkəmizə və Azərbaycan biznesinə göstərilən yüksək marağın göstəricisidir. Siyasi baxımdan forum cənab Prezident İlham Əliyevin himayəsi altında keçirilir və eyni zamanda Azərbaycanın artan geo-iqtisadi rolunun təzahürüdür."
Mikayıl Cabbarov forumun təşkilinə dəstək verən tərəfdaşlara təşəkkür edərək, tədbirin ənənəvi xarakter alacağını qeyd edib:
"Hər il sentyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan bu forumun əsas məqsədi ölkə iqtisadiyyatına diqqəti artırmaq, həmçinin regionda əməkdaşlıq və iqtisadi imkanların inkişafına töhfə verməkdir".
Nazir bildirib ki, forumun ilk günündə bir sıra vacib kommersiya sənədləri imzalanıb:
"Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin investorları tərəfindən Bakıda həyata keçiriləcək iri daşınmaz əmlak layihəsini qeyd etmək istərdim. Layihənin dəyəri bir neçə milyard ABŞ dolları ilə ölçülür. Bununla yanaşı, Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə ölkəmizdə və bölgəmizdə ilk dəfə dəniz suyunun duzsuzlaşdırılması müəssisəsinin yaradılması barədə saziş imzalanıb”.
Nazir deyib ki, yalnız forumun birinci günündə imzalanmış müqavilələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarına çatır".
“Sabah forum çərçivəsində digər əhəmiyyətli sənədlərin də imzalanması gözlənilir:
"Onlar həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrini əhatə edəcək".