Şahin Seyidzadə: Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub - ŞƏRH
“2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki ölkə arasında strateji müttəfiqliyin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinin göstəricisidir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, görüş çərçivəsində keçirilən danışıqlar, imzalanan sənədlər və dövlət başçılarının bəyanatları Azərbaycan–Qazaxıstan münasibətlərinin gələcək inkişafının yol xəritəsini müəyyənləşdirdi.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər iki ölkə arasında çoxşaxəli əlaqələrin dərinliyini və qarşılıqlı etimad mühitinin güclü təməl üzərində formalaşdığını bir daha təsdiqlədi.
“Dövlət başçımız Qazaxıstanda gedən müsbət dəyişiklikləri yüksək qiymətləndirərək qeyd etdi ki, Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar bu ölkənin dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini göstərir”, – deyə deputat vurğulayıb.
Şahin Seyidzadənin fikrincə, bu qiymətləndirmə yalnız liderlər arasında qarşılıqlı hörmətin ifadəsi deyil, həm də Qazaxıstanın beynəlxalq aləmdə qazandığı nüfuzun obyektiv göstəricisidir.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan və Qazaxıstan arasında dərin tarixi, mədəni və mənəvi bağların, ortaq türk kimliyinin və qarşılıqlı etimadın bu münasibətlərin əsasını təşkil etdiyini xüsusi vurğulayıb.
“Prezident qeyd etdi ki, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq dövlətlərarası münasibətlərimizin möhkəm bünövrəsidir. Qazaxıstan hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyib”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Qazaxıstanın Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı tutduğu ədalətli və prinsipial mövqeyə də diqqət çəkib.
“Dövlət başçısı qeyd etdi ki, Qazaxıstan bu prosesi ilk dəstəkləyən ölkələrdən biri olub və qardaş münasibət bu gün də dəyişməz qalır. Qazaxıstanın Ermənistana göndərdiyi ilk tranzit yükün Azərbaycan ərazisindən keçməsi sülhün artıq praktik reallığa çevrildiyini göstərir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Astanadakı çıxışında iqtisadi-ticari və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
“Azərbaycan və Qazaxıstan Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji və logistika sahələrində bir-birini tamamlayan strateji tərəfdaşlardır. Bu layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya regionunun inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə deputat qeyd edib.
O əlavə edib ki, enerji təhlükəsizliyi, bərpaolunan enerji və “yaşıl keçid” istiqamətində həyata keçirilən birgə təşəbbüslər, həmçinin Birgə İnvestisiya Fondunun yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni səviyyəyə daşıyır.
“Prezident İlham Əliyev Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini xalqlarımız arasındakı dostluq və qardaşlığın rəmzi kimi dəyərləndirdi. Bu, həm də Qazaxıstanın Qarabağın bərpası prosesinə mənəvi dəstəyinin təzahürüdür”, – deputat vurğulayıb.
Şahin Seyidzadə sonda qeyd edib ki, Azərbaycan və Qazaxıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da dinamik şəkildə inkişaf edir.
“Gələn il Bakıda keçiriləcək İƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitləri bu tərəfdaşlığın beynəlxalq səviyyədə daha da dərinləşəcəyini göstərəcək”. – o bildirib.
Deputatın sözlərinə görə, iki liderin qarşılıqlı etimad və səmimiyyət üzərində qurduğu münasibətlər təkcə regionda deyil, qlobal miqyasda sabitlik və əməkdaşlıq üçün mühüm təminatdır.
“Prezident İlham Əliyevin dediyi kimi, bizim münasibətlərimiz təkcə rəsmi sənədlərlə deyil, xalqlarımızın qəlbində olan qardaşlıqla möhkəmlənir”, – Şahin Seyidzadə vurğulayıb.












