Səbinə Əliyeva: Amnistiya aktları sosial ədalətin və insan ləyaqətinə hörmətin təzahürüdür
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
1news.az xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkumların azadlığa buraxılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir:
“Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə islah olunmuş şəxs kimi qayıdışına xidmət edir”.
Səbinə Əliyeva vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə bağlı təşəbbüslər uğurla davam etdirilir.
Ombudsman qeyd edib ki, humanist cəza siyasətinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən amnistiya aktı barədə qərar layihəsinin Milli Məclisə təqdim edilməsi təşəbbüsü irəli sürülüb:
“Amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktları yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin bariz nümunəsidir”.












