NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib - VİDEO
Yüklərin daşınması qaydalarına əməl edilməsi çox mühüm məsələdir.
Həmin qaydalara riayət olunmayanda xoşagəlməz və ağır hadisələr baş verir. Bu günlərdə paytaxtın mərkəzi yolunda qeydə alınan hadisə də məhz qaydaların gözlənilməməsi nəticəsində baş verib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yük avtomobillərinin sürücülərinə müraciətində deyilir.
“Yük avtomobillərinin sürücüləri bilməlidirlər ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır. “Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir”, - deyə müraciətdə bilirilir.












