Hökumənin atası: Ən böyük arzusu Kəlbəcərdən ev almaq olub
“Hökuməsiz keçən bir ili təsvir belə edə bilmərəm. İllər keçsə də dərdimiz bizimlə yaşayacaq. İçimizdə yanğın, qasırğa, tufan hansı hiss axtarsanız var”.
1news.az Trend.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, Hökumənin ən böyük arzusu Kəlbəcərdən ev almaq olub.
“Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin evdə yaşayır. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır”.
C.Əliyev qeyd edib ki, torpaqlarımız işğal olunduqdan sonra ailəlikcə Rusiya və Azərbaycanın müxtəlif ərazilərində yaşayıblar:
“Topraqlarımız işğaldan azad edilənədək məcburi köçkün kimi Rusiya və Azərbaycanın müxtəlif ərazilərində, 2003-cü ildən isə Samuxda məskunlaşmışıq. Hökümədən soruşanda ki nə üçün stüardessa kimi çalışmaq istəyirsən, deyirdi ki, müxtəlif şəhərlərdə yaşamışıq və fərqli yerlərdə olmaq mənim hobbimdir. Hökümə Bakının Nəsimi rayonunda özünə ev almışdı. Bir ildir ki, onun evinə yaxın gedə bilmirəm”,-deyə o bildirib.
Atası vurğulayıb ki, Hökumə çox sakit təbiətli, öz hüquqlarını yaxşı bilən biri olub.
“Qızım 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonra isə təyyarə bələdçisi kimi işləməyə başlayıb. 2024-cü ilin sentyabrında Azərbaycan Hava Yollarında hüquqşünas kimi çalışmaq üçün imtahan vermişdi, məhz son (təyyarə qəzasının baş verdiyi) uçuşundan sonra yeni vəzifəsinin icrasına başlayacaqdı. Hökümə magistratura təhsili üçün Liverpul Universitetinə qəbul olunmuşdu, lakin getməsinə icazə vermədim”.
C.Əliyev bildirib ki, Prezident İlham Əliyev onlarla görüşəndə təyyarə qəzasına səbəb olanların layiqli cəzalarını alacaqlarını bildirib.
Hökumə Əliyevanın atası qızına olan hörmət və diqqəti xüsusi vurğulayıb:
“Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib. Böyük humanizm göstərdiyinə görə Hökümə Çingiz Aytmatov adına medal ilə təltif olunub. Polşada Azərbaycan Diaspora təşkilatı Tələbə Gənclər Təşkilatı ilə birgə “Hökumə Əliyeva adına” təqaüd təsis edilib. Artıq 7 nəfər azərbaycanlı tələbə həmin təqaüddən yararlanır”.
C.Əliyev əlavə edib ki, Hökümənin ailəsi səbrsizliklə təyyarə qəzasınının baş verməsinə səbəb olanların yaxalanmasını gözləyir.
“Yayda təyyarə qəzasının baş verdiyi əraziyə getdim oradan qayıdanda özümə gələ bilmirdim”,- deyə o əlavə edib.












