Süni intellekt neytral deyil: texnologiyalar bərabərsizliyi necə gücləndirir və qadınlar üçün nə vəd edir
Bu gün süni intellekt anlayışını eşitməyən insan tapmaq çətindir.
İstənilən sosial şəbəkəni açmaq kifayətdir ki, süni intellektlə yaradılmış trend, paylaşım və ya videoya, eləcə də onun ətrafında gedən aktiv müzakirələrə rast gələk.
Lakin memlər, çat-botlar və tətbiqlərdəki tövsiyə sistemlərindən əlavə, süni intellekt daha ciddi və taleyüklü qərarların verilməsində iştirak edir. O, kreditlərin verilməsi ilə bağlı qərarlara təsir göstərir, həkimlərə daha dəqiq diaqnozlar qoymaqda kömək edir, maliyyə risklərini təhlil edir və işə qəbul zamanı CV-ləri filtrdən keçirir.
Bütün bunlara baxmayaraq, bir çox insan üçün süni intellekt hələ də abstrakt anlayış olaraq qalır — sanki öz daxili məntiqi və “həyatı” olan mürəkkəb bir texnologiya kimi qəbul edilir.
Əslində isə süni intellektin iş prinsipi olduqca sadədir.
Və məhz bu sadəlik onun əsas problemi və potensial təhlükəsini özündə gizlədir.
Texnologiyanın arxasında kim (və ya nə) dayanır?
Süni intellekti insaniləşdirməyə meyilli olsaq da, vacib bir məqamı anlamaq lazımdır: o, insan kimi düşünmür, hiss etmir və mühakimə yürütmür.
Süni intellekt məlumatlar üzərində öyrənir — yəni keçmişə dair böyük həcmli informasiyalara əsaslanır: mətnlərə, şəkillərə, rəqəmlərə, insanların davranışlarına, verdikləri qərarlara və həmin qərarların hansı şəraitdə qəbul olunmasına.
Alqoritm bu məlumatları təhlil edir və qanunauyğunluqları müəyyənləşdirir: hansı peşələr daha çox hansı qruplarla əlaqələndirilir, hansı profillər “uğurlu” sayılır, mətndə hansı ifadələr “düzgün” kimi qəbul edilir, hansı qərarlar hansı hallarda verilir.
Daha sonra bu nümunələrdən proqnoz və tövsiyələr hazırlamaq üçün istifadə olunur. Əgər keçmişdə müəyyən qruplar imkanlara daha çox çıxış əldə edibsə, süni intellekt bunu norma kimi qəbul edir və bu mənzərəni gələcəkdə dəfələrlə təkrarlayır.
Süni intellekt üçün ədalət, bərabərlik, empatiya və ya insan həyatının konteksti kimi anlayışlar mövcud deyil. Onun üçün yalnız statistika, alqoritm və nəticələr var.
Niyə anlamaq vacibdir ki, süni intellekt sehr deyil?
Bu məqalə süni intellektin necə işlədiyi və hansı nəticələrə gətirib çıxardığı haqqındadır. Keçmiş məlumatlara əsaslanan alqoritmlərin cəmiyyətdə mövcud olan qeyri-bərabərlikləri necə gücləndirdiyi, onları daha az görünən, lakin daha davamlı və gündəlik həyatın dərin qatlarına hopmuş hala gətirdiyi izah olunur.
Bunu anlamaq üçün real həyatdan bir neçə sadə, lakin çox şey deyən nümunəyə baxmaq kifayətdir.
Süni intellekt peşələri necə “görür”?
Şəkil generasiya edən sistemlərdən “peşəkar insan” obrazı yaratmaq istənildikdə, onlar tez-tez möhkəmlənmiş sosial stereotipləri təkrarlayır.
Məsələn, yanğınsöndürən obrazı yaratmaq istədikdə, yüksək ehtimalla kişi təsviri əldə edəcəksiniz. Qadın obrazları ya ümumiyyətlə görünmür, ya da yan rollarda — uşaqlarla, məişət kontekstində və ya müşayiətçi kimi təqdim olunur.
Qadın yanğınsöndürən obrazı süni intellekt tərəfindən demək olar ki, heç vaxt “standart” seçim kimi təqdim edilmir — bunun üçün əlavə dəqiqləşdirici sorğu tələb olunur. Səbəb sadədir: alqoritm öyrədildiyi məlumatlarda mövcud olan stereotipləri təkrarlayır.
Tərcümədə yaranan problemlər
Mətnin bir dildən digərinə tərcüməsi zamanı alqoritmlərin davranışı daha da diqqətçəkicidir. Bir çox dillərdə cümlələr gender baxımından neytral ola bilər. Lakin qrammatik cinsin açıq ifadə olunduğu dillərə tərcümə zamanı alqoritmlər statistik nümunələrə əsaslanaraq seçim edir.
Nəticədə:
* “Kişi peşəsi” sayılan sahələr avtomatik olaraq kişi cinsi ilə,
* Qayğı, xidmət və ev işi ilə əlaqəli rollar isə qadın cinsi ilə ifadə olunur.
Bu seçim ilkin mətnin mənasını əks etdirmir, sadəcə alqoritmin öyrəndiyi məlumatlarda hansı nümunələrin daha çox rast gəldiyini göstərir.
Əsas sual rəqəmlərdədir
Problemin miqyasını anlamaq üçün yalnız nəticələrə deyil, alqoritmlərin yaradıldığı mühitə də baxmaq vacibdir.
Beynəlxalq araşdırmalara görə, bu gün süni intellekt və data analitikası sahəsində çalışan mütəxəssislərin yalnız 22–28 faizi qadınlardır. Süni intellekt məhsullarını dizayn edən rəhbər və arxitektura rollarında bu göstərici daha da aşağıdır. İİ startaplarının təsisçiləri arasında qadınların payı isə 8–10 faizi keçmir.
Bu isə o deməkdir ki, alqoritmlərin öyrəndiyi məlumatlar kişilərin üstünlük təşkil etdiyi mühitdə formalaşır və süni intellekt dünyanı məhz bu prizma ilə “görməyi” öyrənir.
Dolayı diskriminasiya necə yaranır?
Kişi dominant mühitdə formalaşan süni intellekt birbaşa cinsi tanımasa belə, onu dolayı əlamətlər əsasında “oxuya” bilir. Karyeradakı fasilələr, CV-də istifadə olunan dil üslubu, vəzifələrin ardıcıllığı, maraqlar və hobbilər — bütün bunlar genderlə sıx bağlı olan dolayı göstəricilərdir.
Beləliklə, alqoritm qarşısındakı şəxsin qadın olduğunu bilməsə də, təkrarlanan nümunələri tanıyır və nəticə çıxarır. Bu isə dolayı diskriminasiya adlanır. Məhz bu cür diskriminasiya daha təhlükəlidir: çünki onu aşkar etmək çətindir, lakin təsiri uzunmüddətli və davamlıdır. CV-dən cins göstəricisinin çıxarılması da problemi tam həll etmir — alqoritmlər genderi yenə də dolayı əlamətlərdən müəyyənləşdirə bilir.
Süni intellektdən kimlər daha çox faydalanır?
Burada təkcə alqoritmləri kimin yaratdığı deyil, onlardan kimin daha fəal istifadə etdiyi də vacibdir.
Harvard Biznes Məktəbinin 18 araşdırmanı əhatə edən, 140 mindən çox iştirakçının yer aldığı tədqiqatına görə, qadınlar süni intellekt alətlərindən kişilərə nisbətən təxminən 25 faiz daha az istifadə edir.
Səbəblər müxtəlifdir — etik narahatlıqlardan tutmuş, süni intellektdən istifadənin “öz uğurunu mənimsəmək” kimi qəbul edilə biləcəyi qorxusuna qədər. Nəticə isə eynidir: qadınlar əmək bazarında getdikcə daha vacib olan bacarıqlardan kənarda qala bilirlər.
Miqyas effekti: alqoritmik qərəz niyə təhlükəlidir?
İnsan qərəzi lokal təsir göstərir və məhdud sayda qərara təsir edir. Alqoritm isə milyonlarla insana eyni anda təsir göstərə bilər. Əgər qərəz modelin özünə inteqrasiya olunubsa, bu, tək bir insanın subyektiv yanaşmasından qat-qat təhlükəlidir.
2025-ci il nə ilə yadda qaldı?
2025-ci il süni intellektin roluna yenidən baxış ili oldu. O, eksperimental texnologiyadan əmək bazarı, təhsil, səhiyyə və maliyyə sistemlərinin ayrılmaz hissəsinə çevrildi. Müzakirələr “süni intellekt nə bacarır?” sualından “onu kim yaradır, hansı məlumatlarla və bunun nəticələri nədir?” sualına keçdi.
2026-cı ildə bizi nə gözləyir?
2026-cı ildə alqoritmlər daha çox qərar qəbul edəcək — karyera yollarından tutmuş təhsilə və maliyyəyə çıxışa qədər. Gender bərabərsizliyi daha az görünən, lakin daha möhkəm struktura çevrilə bilər. Əsas məsələ təkcə tənzimləmə deyil, bu sistemləri yaradan ekosistemlərin məsuliyyətidir.
Qadınlar üçün bu nə deməkdir və nə etməli?
Women in Tech Azerbaijan komandası bu riskləri praktiki səviyyədə müşahidə edir. Vacib olan təkcə təhlükələri analiz etmək deyil, konkret addımlar təklif etməkdir.
Tövsiyələr:
1. Rəqəmsal karyera izini şüurlu şəkildə formalaşdırın.
2. Süni intellekt alətlərini aktiv şəkildə öyrənin.
3. Nailiyyətlərinizi kiçiltməyin, özünəinamlı dildən istifadə edin.
4. Süni intellekti yaradan və test edən ekosistemlərdə iştirak edin.
Nəticə
Süni intellekt qadınların düşməni deyil və bərabərsizliyi gücləndirmək üçün yaradılmayıb. O, cəmiyyətdə mövcud olan problemləri sadəcə miqyaslandırır.
Bu problemlərə necə yanaşacağımız isə bizim seçimimizdir. Qadınların cəmiyyətdə getdikcə daha aktiv rol oynadığı bir dövrdə bu reallığı görməzlikdən gəlmək deyil, onunla şüurlu və aktiv şəkildə işləmək vacibdir — ilk növbədə qadınların özləri üçün.
Müəllif: Leyla Seyidzadə
Women in Tech Azerbaijan-ın direktoru








