Şair qəlbinin 95-ci baharı! – Nəriman Həsənzadə | 1news.az | Xəbərlər
Köşə

Şair qəlbinin 95-ci baharı! – Nəriman Həsənzadə

Ayşən Salehli09:14 - Bu gün
Şair qəlbinin 95-ci baharı! – Nəriman Həsənzadə

Nəriman Həsənzadə...

Heç vaxt düşünməzdim ki, onunla həyatım boyu unuda bilməyəcəyim bir xatirəm olacaq.

Hər şey tələbəlik illərimdə Məti Osmanoğlu ilə tanış olmağımla başladı. Dərs ilinin ikinci yarısı yenicə başlamışdı. Təbii ki, yeni semestr özü ilə birlikdə həyatımıza yeni müəllimləri də daxil etmişdi. Məti Osmanoğlu da onlardan biri idi. Onun ilk bir neçə dərsinə girə bilməmişdim, buna görə də barəsində uşaqlardan eşitdiklərimdən başqa heç bir məlumatım yox idi. Nəhayət bir gün dərsində iştirak etdim. Müəllim jurnalı yazır, biz isə dərsi təkrarlayırdıq. Bu vaxt müəllimə zəng gəldi. O, telefona cavab verib şövqlə danışmağa başladı. Danışığından dostu olduğunu anlamışdım. Arabir dilinə gətirdiyi xitab isə qeyri-ixtiyari diqqətimi çəkməyə başladı. Müəllimim dostuna “Nəriman müəllim” deyə müraciət edirdi. Niyə bilmirəm, ancaq ağlıma dərhal xalq şairimiz Nəriman Həsənzadə gəldi. Bir qohum qadın yadıma düşdü. Çünki o da Nəriman Həsənzadəni çox sevirdi. Həmişə deyirdi ki, onu həyatda bircə dəfə də olsa görə bilsəydim, qucaqlayıb öpərdim. Hətta filologiyaya fakültəsində təhsil alacağımı öyrənəndə ona bir söz vermişdim: “Səni mütləq Nəriman Həsənzadə ilə görüşdürəcəyəm”.

Belə fikirlərin qanadında uzaqlara dalıb getmişdim. Bu vaxt Məti müəllimin telefon danışığını yekunlaşdırdığını gördüm. Sual yağan gözlərlə ona baxdım. O da sanki ürəyimdən keçənləri duymuş kimi bizə gülümsəyərək “Nəriman Həsənzadə ilə danışırdım” dedi. Sonra nə dedi bilmirəm, çünki mən yenə uzaqlara – xətrini istədiyim həmin qadına söz verdiyim günə gedib çıxmışdım. Özlüyümdə “Görəsən, Məti müəllimə desəm, onları görüşdürməyə kömək edər?” - deyə düşündüm. Ancaq elə həmin dəqiqə də fikrimdən daşındım. “Axı müəllim ilk dəfə gördüyü bir tələbəyə niyə kömək etsin?” - dedim öz-özümə. Və beləcə anidən baş qaldıran ümidlərim elə həmin şəkildə də solub getdi.

Növbəti dərs... Bu dəfə mühazirə dərsi idi. Müəllim danışır, biz də onu dinləyirdik. Sonlara doğru yenicə işıq üzü görən kitabından danışmağa başladı. Kitabının təqdimatı olacaqdı. Tələbələrini də dəvət edirdi. Mənim ağlıma yenə Nəriman Həsənzadə gəldi. Fikirləşdim ki, deyəsən, bu dəfə axtardığım şans əlimə keçib. Çox güman ki, başıma gələcəkləri bilsəydim, bu fikri dərhal başımdan atardım.

Dərs bitdi və hər kəs yır-yığış edib getməyə başladı. Mən ürkək addımlarla müəllimə yaxınlaşdım. Kitabının təqdimat gününə Nəriman Həsənzadənin gəlib-gəlməyəcəyini soruşdum. Müəllim gələ bilməyəcəyini dedi və səbəbini izah etdi. Mən yenə də ilk cümləsində ilişib qalmış, sonrakı sözlərini eşitməmişdim. Ürəyimdə həmin qohumun xəyalı ilə gözləşib üzrxahlıq etməyə başladım: “Neylək, xala, alınmır. Görürsən ki, mən də istəyirdim”. Birdən Məti müəllimin sualını eşitdim, yuxudan ayılmış kimi diksinib üzünə baxdım. “Sən də gələcəksən təqdimatıma?” Dilçilikdə evfemizm deyə bir şey var, yəni incə, zərif danışma. Mən isə bütün incəliyimi bir kənara qoyub birbaşa “yox” deyə cavab verdim. Çox güman ki, müəllimim də bu qədər “səmimi” olacağımı gözləmirdi. “Deməli, təqdimatım sənə maraqlı deyilmiş. Nəriman Həsənzadəyə görə gəlmək istəyirmişsən” deyib acıqlandı. Qışqırmadı, acı söz demədi, ancaq ovqatının pozulduğunu açıq-aşkar gördüm. Otaqdakı bütün uşaqlar başımıza toplandı. Müəllim getdikcə coşur, mən isə “Şrek” cizgi filmindəki Çəkməli pişik kimi yazıq-yazıq ona baxırdım. Arabir “Müəllim, siz məni səhv başa düşdünüz” desəm də, faydası yox idi. Birtəhər aradan çıxdım. Metroya nə təhər çatdım, avtobusa necə mindim, evə haçan gəldim, bilmədim. Sanki yasdan gəlirdim. Həyatım boyu ilk dəfə yaşadığım bu duyğunun adı vicdan əzabı idi. Və bu hissi yaşamaq həyatımın ən təcrübəsiz dövründə mənə qismət olmuşdu. Bu minvalla axşam oldu, ancaq mən müəllimimlə olan dialoqumu heç cür yadımdan çıxara bilmirdim. Sonra qrup nümayəndəsi mənə yazdı: “Məti müəllim səni sabahkı təqdimatına çağırır, mütləq gəl. Nəriman Həsənzadə də gələcək”. İlahi! Bilmədim, gülüm, yoxsa ağlayım. Əmin idim ki, oraya getsəm, Məti müəllim hamının içində “abrımı ətəyimə bükəcək”. Dedim ki, gəlməyəcəyəm, qorxuram. Güldü və mənə ürək-dirək verdi: “Gəl, mən də yanında olacağam”. Uzun götür-qoylardan sonra getmək qərarına gəldim. Artıq xala ilə Nəriman Həsənzadəni unutmuşdum, oturub qara-qara sabahı düşünürdüm. Xəyalımda yüz cür ssenari qurdum, beynimdə necə üzr istəyəcəyimi, hansı sözləri deyəcəyimi saf-çürük etdim. Ancaq bütün üzr istəmə ssenariləri eyni cür sonlanırdı - Məti müəllim üzrümü qəbul etmir və mən hamının yanında pərt oluram. Birdən ağlıma bir fikir gəldi. “Filoloq deyilsən? Niyə müəlliminə məktub yazmırsan?”, - deyə öz-özümə düşündüm. Elə bil nə isə ixtira etmişdim. Sevincək masamın arxasına keçib yazmağa başladım. Gözümdən yaşlar axa-axa bir məktub yazdım. Hətta şəklini çəkib dostuma da göndərdim. “Səncə, Məti müəllim bunu oxusa, məni bağışlayar?” - soruşdum. Dostumun çox xoşuna gəldi. Məktubum ilk “senzura”dan uğurla keçmişdi, indi qalmışdı əsas eskpertin rəyi.

Ertəsi gün təqdimat olan ünvana yollandım. Hələ qonaqlar gəlməyə davam edirdi. Birdən Nəriman Həsənzadəni gördüm. Kiminləsə söhbət edirdi. Məti müəllim məni görən kimi şairi səslədi: “Həmin tələbəmdi”. Yəqin ki, nə halda olduğumu təsəvvür etmək çətin deyil. Müəllimim ilk dəqiqədən “fəaliyyət”ə başlamışdı. Nəhayət qonaqlar toplaşdı və təqdimat başladı. Məti müəllim hər kəsi salamladı və təşəkkür etdi. Birdən müəllimlə gözləşdik, xəfif təbəssümlə narahatlığımı gizlətməyə çalışdım. Elə bu dəm müəllimim qonaqların içində Nəriman Həsənzadənin də olduğunu vurğulayaraq gəlişinin xüsusi bir səbəbi olduğunu söylədi. “Mənim tələbəm mənim təqdimatımda onu görmək istəyir” dedi. Dünənki hadisəni başdan-ayağa danışdı. “Mən həyatım boyu bu qədər paxıllıq etməmişdim” deyərək bütün qonaqları güldürdü. Mən isə mərhəmət uman gözlərlə müəllimimə baxırdım. Müəllimin replikaları təqdimat boyunca davam etdi. Kitab qaldı bir tərəfdə, bütün diqqətlər mənim üzərimə cəmləndi. Nəhayət təqdimat bitdi. Nəriman Həsənzadə çox qalmadı, xudahafizləşib getdi. Onun uzaqlaşdığını görüb qrupdan bir qızla birlikdə cəld dalınca getdik. Pilləkəndə ona yetişdik. Ardına dönüb mənimlə zarafatlaşdı: “Bapbalaca canınla məni yola salmağa gəlirsən?” Sağ olsun, şəkil çəkdirməyi qəbul etdi, bizi öpdü, xeyir-dua verdi. Yenidən yuxarı qalxdıq. Məti müəllim tələbələrlə şəkil çəkdirir, zarafatlaşırdı. Məni görüb yenə söz atmağa başladı: “Görürsən, qaranquşlar uçub gedir, sənə qalan sərçələr olacaq”. Sonra məni bağrına basdı, dedi, gəl şəkil çəkdirək.

Ürəyim elə sürətlə döyünürdü ki, elə bilirdim, hər kəs səsini eşidir. Dərindən nəfəs alıb cəsarətimi topladım, məktubu çantamdan çıxarıb sakitcə ona uzatdım. “Mənə məktub yazmısan?” - deyib dodaqaltı gülümsündü. “Bəli, müəllim, oxuyarsınız” - deyib getdim. Tərslikdən Novruz tətili düşdü araya. İlk dəfə idi ki, tətilin bitməyini istəyirdim. Və nəhayət tətil sona çatdı.

Mühazirə dərsi idi, yenə bir neçə qrup birləşmişdi.

Müəllim gələn kimi baxışlarını auditoriyada gəzdirməyə başladı. Bilirdim, məni axtarırdı. Səsimi çıxarmadım. Müəllim hündürdən dilləndi: “Xalası üçün mənə yaxınlaşan qız hardadır?” Söhbətdən xəbərsiz olan uşaqlar təəccüblə bir-birinin üzünə baxırdı. Bu dəfə müəllim sualını dəyişdi: “Nəriman Həsənzadəni görmək istəyən qız hardadı?” Hamı əlini mənə uzatdı. Pis iş tutmuş ibtidai sinif şagirdi kimi divarla mənə uzadılan barmaqların arasından yazıq-yazıq müəllimə baxdım. Bu dəfə qorxduğum heç nə olmadı, məktub missiyasını uğurla tamamlamışdı. Müəllim məktubumdan mütəəssir olduğunu deyib onda yaratdığı duyğuları dilə gətirdi. Və beləcə bağışlandım.

Bağışlandım, ancaq müəllimin dilindən qurtulmadım. Məni hər görəndə söz atıb zarafatlaşmağa davam etdi. Artıq zarafatlarından utanmırdım, çünki üzrüm qəbul olunmuşdu. Hətta müəllim həmin xala ilə Nəriman Həsənzadəni görüşdürəcəyinə də söz verdi.

Sonra araya epidemiya və müharibə girdi. İllər keçdi. Həyat elə gətirdi ki, Nəriman Həsənzadə ilə ikinci görüşüm onun evində baş tutdu — eyni həyəcanla, eyni səmimiyyətlə. Bu dəfə tələbə kimi yox, ondan müsahibə götürən müxbir kimi.

Bu xatirədə adı çəkilən həmin qadın artıq həyatımda yoxdur, yollarımızı ayrılmalı olduq. Məti müəllimlə isə üz-üzə görüşə bilməsək də, arabir zəngləşib hal-əhval tuturuq.

Hekayəmizin qocaman qəhrəmanına gəlincə, o, bu gün 95 yaşına qədəm qoyur. Zaman keçsə də, sözü yorulmur, səsi hələ də eyni həzinliklə könlümüzə toxunur.

Doğum gününüz mübarək, Nəriman bəy! Qəlbiniz həmişə bahar görsün!

Nəriman Həsənzadənin videomüsahibəsini buradan izləyə bilərsiniz:

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər