Şuşa qəza məktəbi – Qafqada ilk dünyəvi təhsil ocağı | 1news.az | Xəbərlər
Köşə

Şuşa qəza məktəbi – Qafqada ilk dünyəvi təhsil ocağı

15:33 - Bu gün
Şuşa qəza məktəbi – Qafqada ilk dünyəvi təhsil ocağı

Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin əvəzsiz rolu olub.

Şuşa ictimai fikir tariximizin inkişafına mühüm töhfələr verib, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş edib.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa qəza məktəbi – 195 yaşlı ilk dünyəvi təhsil ocağı” məqaləsində yer alıb.

1news.az məqaləni təqdim edir.

Azərbaycanın tarixi, mədəni mərkəzi olan Şuşa tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin, ictimai-siyasi fikrin görkəmli nümayəndələrinin vətəni hesab edilir. Tarixi mənbələrə əsasən XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim olub.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa, orada anadan olmuş bir sıra tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin vətəni hesab edilir. Onların adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur.

Təsadüfi deyil ki, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab Qarabaği, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Salah bəy Zöhrabbəyov, Mirzə Ələsgər Növrəs, Qəmər bəyim Şeyda, Səfərəli bəy Vəlibəyov, Cəlil bəy Bağdadbəyov, İskəndər bəy Rüstəmbəyov, Cahangir bəy Zeynaloğlu, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli və onlarla maarifçi, şair, dramaturq, publisist və ictimai xadimlərin həyatında Şuşa mühitinin mühüm rolu olub.

Şuşa XIX əsrin II yarısından Azərbaycanın mədəni mərkəzə çevrilib, o cümlədən musiqi və bəstəkarlıq məktəbinin yüksəlişinə səbəb olub. Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınıb. Bundan əlavə, Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Əhməd Ağdamski (Bədəlbəyli), Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Teymur Elçin, Mehdi Məmmədov, Zakir Bağırov, Çingiz Hacıbəyov, Şəmsi Bədəlbəyli, Əbülfət Vəli, Məhluqə Sadıqova, Nəcibə Behbudova, Osman Hacıbəyov, Əbülfət Əliyev, Kərbəlayı Səfixan Qarabaği, Lətif Kərimov, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Münəvvər Rzayeva, Əmir Hacıyev və bir çox başqaları Şuşanın yetirdiyi tanınmış musiqişünas, bəstəkar, xanəndə, teatr xadimi, rəssam, heykəltəraş, memar və görkəmli sənətkarlardır.

Bu kimi maarifpərvər insanların səyi nəticəsində XIX əsrin əvvəllərindən Şuşa həm də elm-təhsil mərkəzi kimi şöhrət tapmış, orada böyük publisist, naşir, şair, yazıçı və dramaturqlar, memarlar, xəttatlar, astronomlar, alimlər, maarifçi müəllimlər nəsli formalaşmışdı.

Bununla yanaşı, XIX əsrin əvvəllərində tədricən Avropa tipli dünyəvi təhsil verən məktəblər açılmağa başlandı. Şuşada ilk belə məktəb 1826-cı ildə yaradılmışdı. Onun ardınca 1830-cu ildə Qəza məktəbi, 1874-cü ildə şəhər məktəbi, 1881-ci ildə Real məktəb, 1883-cü ildə Qız məktəbi, 1895-ci ildə 3-cü dərəcəli xüsusi məktəb və digər məktəblər fəaliyyətə başlayıb. Şuşada həmin dövrdə Gövhər ağa, Səməd bəy Ağayev və Camal bəy Fətəlibəyovun şəxsi məktəbləri də fəaliyyət göstərirdi. Bu məktəblərdə Moskva, Peterburq, Berlin, Leypsiq, Sarbonna, Mançester, Paris və digər xarici universitetləri bitirən müəllimlər, Şuşada anadan olmuş ziyalılar dərs deyirdi. Təbii ki, bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini maarifçilik beşiyi və mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynayıblar.

Bu baxımdan Şuşanın yüksək iqtisadi inkişafı və şəhər ziyalılarının dünyəvi təhsil verən məktəb açmaq səyi Şuşaya bu sahədə də birincilik qazandırmışdı. 1830-cu il dekabr ayının 30-da Qafqazda ilk qəza məktəbinin təntənəli açılışı məhz Şuşa şəhərində olmuşdu. Bununla da Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyuldu. Şuşa qəza məktəbi dünyəvi təhsil verən məktəblərin birincisi oldu. Çar Rusiyası hökuməti Qafqazda dövlət məktəblərini açmazdan əvvəl xüsusi nizamnamə hazırlayaraq 1829-cu ilin avqust ayının 2-də təsdiq etmişdi. Nizamnamədə nəzərdə tutulmuş şəhərlərdən birinci olaraq, Şuşada qəza məktəbi təsis edilmişdi.

Həmin dövrdə Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı.

Qeyd etmək lazımdır ki, Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedirdi. 1835-ci ilin may ayının 12-də Zaqafqaziya (Cənubi Qafqaz) məktəblərinin ikinci nizamnaməsi təsdiq edilmişdi. Bu nizamnamədə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa məktəbini təkmilləşdirmək də nəzərdə tutulmuşdu. Yeni nizamnamə ilə işləməyə başlamış təhsil ocağının II və III siniflərində rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün də məcburi fənn kimi həftədə 6 saat keçirilirdi.

Bununla yanaşı, Şuşa qəza məktəbinin kitabxanasında 1845-ci ilin məlumatına görə, 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi. 5 müəllim və 127 şagirdlə təlimə başlamış Şuşa qəza məktəbi əvvəlcə üç sinifli, 1878-ci ildən isə dörd sinifli şəhər məktəbinə çevrildi. Şuşada şəhər məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedirdi.

Daha sonra 1848-ci ilin dekabr ayının 18-də Zaqafqaziya (Cənubi Qafqaz) məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Qəza məktəblərinin, o cümlədən Şuşa qəza məktəbinin qarşısında yeni məqsədlər qoyulurdu. Belə ki, əvvəlki fənlərdən əlavə dəftərxana qaydalarına aid qısa məlumat da tədris planına daxil edilmişdi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verilirdi. Şuşa qəza məktəbində tədris-təlim işi digərlərinə nisbətən yüksək səviyyədə idi. Şagirdlərin sayına görə bu məktəb bütün Cənubi Qafqazda birinci yeri tuturdu. 1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird təhsil alırdı. 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilmişdi. Şuşa qəza məktəbində fransız dilinin tədrisi tətbiq olunmağa başlamışdı.

Maarifçiliyin inkişafı nəticəsində Şuşada dünyəvi təhsil sisteminə keçid gücləndi. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Qafqazda şəhər məktəblərinin ilk qaranquşu oldu və Şuşa şəhər məktəbinə çevrildi. Beləliklə, Şuşa şəhər məktəbi xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa qəza məktəbinin bazasında 1874-cü ildə fəaliyyətə başladı. Yeni məktəb daha yüksək tipli idi. Ona görə də pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. Məktəb proqramına şəriət, Azərbaycan, rus və fransız dilləri, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsmxət, nəğmə və gimnastika fənləri daxil idi. 1880-ci ildə məktəbin nəzdində xüsusi musiqi sinfi açılmışdı.

Qeyd etmək lazımdır ki, şagirdlərinin çoxluğuna görə Şuşa şəhər məktəbi çar Rusiyası ərazisində ilk yerlərdən birini tuturdu. Məktəbdə ilk vaxtlarda 375 uşaq oxuyurdu. Məktəbin nəzdində pulsuz istifadə olunan kitabxanalar fəaliyyət göstərirmiş və burada fənn kabinələri, digər tədris vasitələri var idi, həmçinin tarixi kolleksiyalar təşkil edilmişdi.

Bununla yanaşı, Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Onların sırasında tanınmış pedaqoq, Azərbaycanın elmi-pedaqoji, ictimai fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində alıblar.

Azərbaycanda bunun ardınca 1881-ci il sentyabrın 20-də Şuşa şəhərində 6 sinifdən ibarət olan real məktəbinin əsası qoyulub. Məktəbdə riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxət, şəriət və digər fənlər tədris edilmiş, lakin alman və fransız dillərinə ayrılan saatların miqdarı daha çox olub. Şuşa Real məktəbinin geniş və zəngin kitabxanası ilə yanaşı, fənn kabinələri, xüsusilə fizika kabinəsi öz mükəmməlliyi ilə diqqəti cəlb edib. Məktəb Qafqaz orta təhsil müəssisələri içərisində nümunəvi tədris müəssisələrindən hesab olunub. Burada Azərbaycan dilini görkəmli pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı Haşım bəy Vəzirov, fransız dilini publisist, pedaqoq, yazıçı, hüquqşünas, şərqşünas, türkoloq, islamşünas alim Əhməd bəy Ağaoğlu, elmi-ilahiyyat dərslərini isə həkim, həmçinin şair Mirzə Sadıq Lətifov tədris edib.

Bununla yanaşı, tanınmış maarifçilər, Qori Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov, maarifçi, pedaqoq, şair, xeyriyyəçi Fransada və Rusiyada təhsil almış Mirzə Salah bəy Zöhrabbəyov da real məktəbində dərs deyiblər. Qarabağlı gənclərin bir hissəsi Şuşa real məktəbində təhsil alıb. Sonradan Rusiyanın və Avropanın ali məktəblərinə daxil olub, oranı bitirdikdən sonra isə xalq maarifi və təhsil, elm və mədəniyyət, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində xidmətlər göstəriblər.

Sovet dövründə 1921-1922-ci tədris ilində Şuşada pedaqoji məktəb, 1923-1924-cü tədris ilində isə musiqi məktəbi fəaliyyətə başlamışdı. 1922-1923-cü tədris ilində Şuşa ərazisində 580 şagirdi, 25 müəllimi özündə birləşdirən 8 məktəb fəaliyyət göstərirdi. 1927-1928-ci tədris ilində Şuşa ərazisində məktəblərin sayı 11-ə çatmışdı. 1938-ci ildə Şuşada Mərkəzi Uşaq Kitabxanası açılmışdı. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbinə, 1937-1938-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrilmişdi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olub. 1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəbi yarandı.

1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçürüldü və burada dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyaraq fəaliyyətini davam etdirdi.

Ümumilikdə Şuşa rayonunun işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsi, Peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun Şuşa filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb.

Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbinin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalayıb və bu qərar əsasında məktəbin yubileyi təntənəli şəkildə keçirilmişdi.

1984-cü ildən Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılıb və həmin tarixdən Niyazinin adını daşıyır. Daha sonra 1990-cı ildə Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılıb.

Şuşa şəhəri 1 nömrəli orta məktəb yarandığı vaxtdan 1992-ci ilin mayın 8-ə kimi öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman zalı, akt zalı, yeməkxana və sair fəaliyyət göstərirdi. Şəhərin Ermənistan silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Şuşa şəhəri 1 nömrəli orta məktəbi isə 1992-ci ildən etibarən Bakı şəhəri Yasamal rayonu 38 nömrəli orta məktəbin binasında fəaliyyət göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu il dekabrın 7-də Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd edildi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 8-i isə tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu.

Şuşa şəhərinin işğalçılardan azad edilməsindən 6 ay sonra Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 8-də Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə müvafiq Sərəncam imzaladı və 4 gün sonra, mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu. 2021-ci il mayın 12-də Şuşada 1 nömrəli ümumtəhsil məktəbinin təməli qoyuldu. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrıldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olmuşdur. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları vardır. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa edilib.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesinə isə 2024-cü il sentyabrın 16-dan başlanılıb. Müasir avadanlıqlarla təchiz olunan bu bina həm məktəbin, həm də Şuşanın təhsil ənənələrinə uyğun şəkildə yenidən dirçəldildi. Məktəbdə 3-4 yaşlı uşaqlar üçün “Məktəbəqədər icmaəsaslı təhsil” layihəsi 2-8-ci siniflərdə rəqəmsal bacarıqlar, 3-4-cü siniflərdə isə “STEAM” layihəsi tətbiq olunmağa başlayıb.

Beləliklə, Qafqazda ilk dünyəvi təhsil ocağı olan 1 saylı Şuşa şəhər məktəbi kollektivini yenidən doğma yurdunda qəbul edərək öz fəaliyyətini davam etdirir və inanırıq ki, qocaman tədris ocağı Azərbaycan təhsilinin inkişafına dəyərli töhfəsini verəcəkdir. Bu gün artıq, Şuşa şəhər 1 nömrəli tam orta məktəbi yeni uğurlara imza atır.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 nömrəli orta məktəb bunun daha bir əyani təsdiqidir. Bu təkcə bir təhsil ocağının bərpası deyil, həm də Şuşanın mədəni ruhunun, tarixi irsinin və maarifçilik beşiyinin yenidən canlanması deməkdir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.

Ümumilikdə işğaldan azad edildikdən sonra ölkəmizin, həmçinin Türk və İslam dünyasının mədəniyyət paytaxtına çevrilmiş bu qədim şəhər müxtəlif xarici tədqiqatçı-alimlərin, arxeoloqların, ekspertlərin, xüsusilə beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətinə görə də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər