Bayram günlərində yol qəzalarının əsas səbəbləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində yol qəzalarının əsas səbəbləri açıqlanıb

Qafar Ağayev15:21 - 05 / 01 / 2026
Bayram günlərində yol qəzalarının əsas səbəbləri açıqlanıb

Bayram tətili dövründə yollarda təhlükəsizliyə təhdid yaradan amillər ictimaiyyətə təqdim olunub.

1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Lakin ilin təhvil olduğu gün və sonrakı üç gün ərzində ölüm faktı ilə nəticələnən 6 yol qəzası baş verib.

Bildirilib ki, bu hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəyə vurma ilə bağlı olub. Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşmalar, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Eyni zamanda paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması faktları da qeydə alınıb. Bu hadisələr nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hadisələrin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda diqqətsiz davranış yol qəzalarına səbəb olan əsas amillərdir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda avtomobil idarə etməməyə çağırıb.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər