Xırdalanda ağacları kəsən şəxs cəzalandırıldı – 13 min manatdan çox cərimə
Abşeron rayonunun Xırdalan şəhərində yeni tikilmiş yaşayış binasının qarşısında ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Mehdi Hüseynzadə küçəsi 541 ünvanından daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların binanın qarşısında tikinti və abadlaşdırma işləri aparan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi təsdiqini tapıb.
Faktla bağlı V.Fərzəliyev barəsində akt və protokol tərtib edilib. O, vəzifəli şəxs qismində ümumilikdə 13 250 manat məbləğində cərimə olunub və ona vurduğu ziyana görə müvafiq məbləğ tətbiq edilib.












