Praqa hava limanında insident: AZAL-ın ekipajı təyyarəyə qanunsuz daxilolmanın qarşısını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Praqa hava limanında insident: AZAL-ın ekipajı təyyarəyə qanunsuz daxilolmanın qarşısını alıb

12:42 - 06 / 01 / 2026
Praqa hava limanında insident: AZAL-ın ekipajı təyyarəyə qanunsuz daxilolmanın qarşısını alıb

Ötən gün Praqa hava limanında, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Praqa–Bakı reysinin yola düşməsi ərəfəsində kənar şəxsin iştirakı ilə insident baş verib.

Hadisə barədə məlumatlar sosial şəbəkə istifadəçiləri tərəfindən rəsmi açıqlamadan öncə şəkildə paylaşılıb.

Şahidlərin verdiyi məlumata görə, bir kişi müəyyən edilmiş təhlükəsizlik nəzarəti prosedurlarından keçmədən, sərnişinlərin minik prosesi başlamazdan əvvəl qanunsuz yolla hava gəmisinə daxil olmağa cəhd göstərib. Onun bu hərəkətləri gözləmə zonasında və perronda təşvişə səbəb olub. Qeyd olunur ki, qayda pozucusu tələblərə tabe olmayaraq aqressiv davranışlar nümayiş etdirib. Nəticədə, onun zərərsizləşdirilməsi prosesinə hava limanının təhlükəsizlik xidməti, polis, xüsusi təyinatlı bölmələr və kinoloji xidmət cəlb olunub. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə həmin şəxs saxlanılıb.

Hadisə zamanı AZAL-ın bort bələdçilərindən birinin nümayiş etdirdiyi qətiyyətli addımlar ictimaiyyətdə böyük rəğbətlə qarşılanıb. Belə ki, məhz o, qanun pozucusunun yolunu kəsən ilk şəxs olub və hüquq-mühafizə orqanları gələnə qədər onun təyyarəyə daxil olmasına imkan verməyib. Şahidlərin sözlərinə görə, aviaşirkət əməkdaşı ona qarşı göstərilən fiziki təzyiqə baxmayaraq, rəşadətli və peşəkar davranaraq sərnişinlərin və ekipajın təhlükəsizliyinə qarşı yarana biləcək mümkün təhdidin qarşısını alıb.

Sosial şəbəkələrdə istifadəçilər ekipajın fəaliyyətini yüksək qiymətləndirərək, bu hərəkəti məsuliyyət və peşəkarlıq nümunəsi kimi xarakterizə ediblər, eyni zamanda reys əməkdaşlarının mükafatlandırılması barədə çağırışlar səsləndiriblər.

1news.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" aviaşirkətindən hadisə faktı təsdiqlənib və vəziyyətin vaxtında nəzarətə götürüldüyü bildirilib. Aviaşirkətdən verilən rəsmi məlumatda deyilir:

"Dünən Praqa hava limanında Praqa — Bakı marşrutu üzrə icra olunan reysdən əvvəl kənar şəxsin təhlükəsizlik nəzarəti prosedurlarından kənar keçərək hava gəmisinə daxil olma cəhdi ilə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təyyarəyə girişin qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək qayda pozucusunun hərəkətləri 'Azerbaijan Airlines'ın ekipajı tərəfindən qətiyyətlə dayandırılıb".

Hazırda baş vermiş hadisə ilə bağlı səlahiyyətli orqanlar və hava limanının aidiyyatı xidmətləri ilə koordinasiyalı şəkildə müvafiq araşdırmalar davam etdirilir.

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər