Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? - Agentlikdən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? - Agentlikdən AÇIQLAMA - FOTO

17:07 - Bu gün
Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? - Agentlikdən AÇIQLAMA - FOTO

Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.

1news.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Regional bölmələri, Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olduğu əraziyə baxış keçirib və müvafiq araşdırmalar aparıb.

AQTA məsələ ilə bağlı quş cəsədlərindən nümunələr götürərək laborator müayinələrə cəlb edib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.

Bununla yanaşı, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib, nəticələr yaxın zamanda açıqlanacaq.

***

10:41

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvəllərində müşahidə olunub.

“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb, suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - deyə rayon sakini Anar Mikayılov söyləyib.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aşkarlanan quş cəsədləri ilə bağlı araşdırma aparılır. Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığında sahilboyu ərazilərdə aşkarlanan quş cəsədlərinə yerində baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, cəsədlərin ərazidən təmizlənməsi istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, batağanlara Antarktidadan başqa, dünyanın bütün bölgələrində rast gəlmək mümkündür. Bu quşların qeydə alınmış 22 növü var ki, onlardan da üçünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər