ETX: Sürücülük vəsiqələrinin “Instagram”da qanunsuz paylaşılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ETX: Sürücülük vəsiqələrinin “Instagram”da qanunsuz paylaşılmasının qarşısı alınıb

14:31 - Bu gün
ETX: Sürücülük vəsiqələrinin “Instagram”da qanunsuz paylaşılmasının qarşısı alınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində "Instagram" sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.

ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.

Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və "Fərdi məlumatlar haqqında" qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər