AAYDA: Bakı şəhərində yollar nəzarətdə saxlanılıb
Bakı şəhəri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xidmət göstərdiyi prospekt və yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilib.
1news.az xəbər verir ki, gecə və səhər saatlarında yolların buzlaşmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülüb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində hər hansı ciddi problem müşahidə olunmayıb, təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib.
Bildirilib ki, hazırda AAYDA-nın bütün yol istismar idarələri, həmçinin Avtomobil Yollarının Mühafizə Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Qurum sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edib.












