İsa Həbibbəyli yayılan görüntülərdən danışdı: Heç vaxt çətirdən istifadə etməmişəm
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin Şəhidlər xiyabanını ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrin diqqətini çəkib.
1news.az xəbər verir ki, AMEA prezidenti İsa Həbibbəyli heç zaman çətirdən istifadə etmədiyini bildirib:
“Həyatım boyu heç vaxt çətirdən istifadə etməmişəm. Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və Azərtacda yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm”.












