Buzovnada piyada ölümü: ehtiyatsızlıq faciə ilə bitdi
Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd olunub ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb və onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər bu hadisələrin əksəriyyətinin sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verdiyini göstərir. Əsas səbəblər kimi piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi və təhlükəsizlik tələblərinə laqeyd yanaşması göstərilir.
Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Qaydalara əməl edilməməsi yalnız şəxsin öz həyatını deyil, digər hərəkət iştirakçılarının da taleyini təhlükə altına qoyur.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək xatırladıb ki, yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçmək ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələblərdəndir. Bu qaydalara əməl edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir.












