Azərbaycanda internet provayderi cərimələnib
Azərbaycanda qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.
Bu barədə 1news.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyndən (İKTA) bildirilib.
Qeyd edilib ki, “Classnet” MMC-nin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub.
Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.











