Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşinin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür
Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar bu il yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, o, yanvarın 18-də Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 25-də vəfat edib.
“Məsələ ilə bağlı bir neçə gün əvvəl Malayziyaya ezam olunan ANAMA-nın əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Azərbaycan səfirliyinin dəstəyi və həmin təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə, müvafiq tədbirlər həyata keçirirlər”, - deyə məlumatda vurğulanıb.












