Daha 100 nəfər keçmiş məcburi köçkün Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə qayıdıb - YENİLƏNİB
Yanvarın 26-da Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki kəndə, ümumilikdə, 100 nəfərdən ibarət 25 ailə köçürülüb. Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndində daimi məskunlaşıb.
Bu münasibətlə keçirilən mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlərə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onları doğma ata-baba yurduna qayıdış münasibətilə təbrik edib. Bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.
Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Qeyd edək ki, hazırda Badara və Seyidbəyli kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kəndlərdə bütün kommunal xidmətlər- elektrik, qaz, su və rabitə bərpa olunub.
12:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.
Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.






















