Azərbaycan məhsulları Çində keçirilən premium məhsullar sərgisində nümayiş olunur - FOTO
Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici məhsulların sərgi-yarmarkalarında nümayiş olunur.
1news.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır.
"Ölkəmizin Çində ticarət nümayəndəsi aparatının dəstəyi ilə Pekindəki Azərbaycan Ticarət Evi paytaxtın “Ritan” və “Wanyuan - Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də təqdim olunur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, 6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir.














