AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) fəaliyyətinin 30 illiyini qeyd edir.
1news.az xəbər verir ki, bu müddət ərzində AZANS ölkənin hava məkanının idarə olunmasında ardıcıl inkişaf yolu keçərək müasir, təhlükəsiz və səmərəli aeronaviqasiya sistemini formalaşdırıb.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas hava nəqliyyatı dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin qlobal hava nəqliyyatı sistemində strateji rolunu müəyyən edən əsas amillərdəndir. Son dövrlərdə regionda baş verən dəyişikliklər fonunda bu mövqe daha da möhkəmlənib və Azərbaycan hava məkanı beynəlxalq aviasiya üçün etibarlı tranzit marşrut kimi ön plana çıxıb.
Bu tendensiya son illərin statistik göstəricilərində də aydın şəkildə əks olunur. Belə ki, 2021-ci ildə 80 880 olan uçuş sayı 2025-ci ildə 342 167-yə çataraq ölkənin qlobal hava nəqliyyatı sistemində rolunun nəzərəçarpacaq dərəcədə genişləndiyini nümayiş etdirir.
Xüsusilə tranzit daşımalar üzrə müşahidə olunan dinamika diqqət çəkir. 2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşların həcmi 360% artıb. Bu proses fonunda Bakı Uçuş Məlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayı bəzi günlərdə 830-ə qədər yüksələrək əməliyyat intensivliyinin artdığını aydın şəkildə göstərir.
Eyni zamanda, hava məkanından istifadə intensivliyi də əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə 0,49 olan uçuş sıxlığı göstəricisi 2025-ci ildə 2,07-yə yüksələrək mövcud resurslardan daha səmərəli istifadə olunduğunu nümayiş etdirir.
Bu dinamika beynəlxalq aviaşirkətlərin Azərbaycan hava məkanına marağında da öz əksini tapır. Hazırda AZANS gündəlik Azərbaycan hava məkanından istifadə edən təxminən 300 beynəlxalq aviaşirkətin etimadını qazanıb.
Eyni zamanda, AZANS-ın azad edilmiş ərazilər üzərində hava məkanının açılmasında rolu xüsusi qeyd olunmalıdır. Qısa müddət ərzində regionda aeronaviqasiya infrastrukturu bərpa edilib, yeni marşrut şəbəkəsi formalaşdırılaraq beynəlxalq aeronaviqasiya sistemlərinə inteqrasiya olunub və bununla da hava nəqliyyatı əlaqələrinin operativ şəkildə bərpası təmin edilib.
Artan əməliyyat yükünə baxmayaraq, AZANS müasir avtomatlaşdırılmış Hava Hərəkətinin İdarə Edilməsi (ATM) texnologiyaları, qabaqcıl rəqəmsal həllər və optimallaşdırılmış hava məkanı strukturu vasitəsilə uçuşların təhlükəsiz və fasiləsiz idarə olunmasını təmin edir. Bu sistemlərin effektiv fəaliyyəti isə yüksək ixtisaslı kadr potensialı və davamlı peşəkar hazırlıqla dəstəklənir. AZANS mütəmadi olaraq əməkdaşların bilik və bacarıqlarının artırılmasına, beynəlxalq standartlara uyğun təlimlərin keçirilməsinə və insan kapitalının inkişafına xüsusi önəm verir.
Bununla yanaşı, AZANS əməliyyat effektivliyi və xidmət keyfiyyəti üzrə yüksək göstəricilər nümayiş etdirir. Aeronaviqasiya məlumatlarının dəqiqliyi 100%, vaxtında təqdim olunması 99,6%, sistemlərin etibarlılığı isə 100% səviyyəsindədir.















