“Sülh Körpüsü” çərçivəsində gənclər və qadınları təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi - FOTO
3 aprel 2026-cı il tarixində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində gənclər və qadınlar istiqamətində fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı iştirakçılar sülh prosesi ilə bağlı fikirlərini bölüşüb, mövcud vəziyyət və gələcək imkanlar ətrafında müzakirələr aparıblar.
Çıxışlarda vətəndaş cəmiyyətinin bu prosesdə rolu xüsusi qeyd olunub, müxtəlif istiqamətlər üzrə təkliflər səsləndirilib.
1news.az xəbər verir ki, görüşdə “Sülh Körpüsü” Təşəbbüsü ilə bağlı məlumat verən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov deyib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında əldə olunan razılaşmalardan sonra sülh gündəliyi formalaşıb. Onun sözlərinə görə, siyasi təmaslar artıb, iqtisadi fəaliyyət genişlənib və birbaşa, eləcə də tranzit əlaqələrin qurulması istiqamətində addımlar atılıb.
F.Məmmədov sülh prosesi ilə bağlı geniş məlumat verib, həmçinin keçirilən görüşlər və bu çərçivədə aparılan müzakirələr barədə ətraflı danışıb.
Onun sözlərinə görə, sülh prosesi qeyri-adi xarakter daşıyır: müharibə bitsə də, yekun sazişin imzalanmasına maneələr qalır. Buna baxmayaraq, artıq siyasi və iqtisadi sahələrdə əməkdaşlığın mümkün olduğu göstərilib və bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır.
O deyib ki, vətəndaş cəmiyyəti sahəsində əlaqələr daha mürəkkəbdir və bu istiqamətdə həm beynəlxalq platformalar, həm də birbaşa ikitərəfli təşəbbüslər inkişaf etdirilir. O, sonda gənclər, media, qadın təşkilatları və ekspertlər səviyyəsində dialoqun davam edəcəyini bildirib.
Tədbir iştirakçıları iki ölkə arasında sülhlə bağlı onları maraqlandıran sualları səsləndiriblər.
Suallar əsasən gələcək əməkdaşlıq imkanları, cəmiyyətlərarası etimadın gücləndirilməsi, sülh prosesinin təbii keçməsi, mərhələli şəkildə həyatə keçirilməsi, cəmiyyətin fərqli təbəqələrinin bu prosesə qoşulmasını, maarifləndirmə işinin aparılmasını və prosesin praktik mərhələləri ilə bağlı olub.
Müzakirələr zamanı iştirakçılar öz mövqelərini bölüşərək müxtəlif yanaşmaları diqqətə çatdırıblar.
Həmçinin, vətəndaş cəmiyyətinin sülh prosesində rolunun artırılması zərurəti vurğulanıb.
İştirakçılar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd edərək, sülh təşəbbüslərinin daha geniş miqyasda davam etdirilməsinin əhəmiyyətini bildiriblər.
Foto: Nadir İbrahimli


































