Martda KTM-ə zəhərlənmə ilə müraciət edənlərin sayı açıqlandı
Azərbaycanda mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
Bu barədə 1news.az-a KTM-dən məlumat verilib.
Qeyd olunub ki, 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.












