Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib.
1news.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib. QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb:
"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.
Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm".
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.












