Polşa Aİ-dən 44 milyard avrodan çox kredit alacaq | 1news.az | Xəbərlər
Dünya

Polşa Aİ-dən 44 milyard avrodan çox kredit alacaq

17:40 - Bu gün
Polşa Aİ-dən 44 milyard avrodan çox kredit alacaq

Mayın 8-də Polşa Aİ ilə ümumi dəyəri 150 milyard avro olan SAFE müdafiə proqramı çərçivəsində 44 milyard avrodan çox kreditin alınmasına dair saziş imzalayıb.

1news.az report-a istinadən xəbər verir ki, razılaşmanı Varşavada Polşa və Avropa Komissiyasının nümayəndələri imzalayıblar.

Ölkə Aİ-nin 19 üzv dövləti arasında kreditin ilk alıcısı olub, sabah bu proqram üzrə sazişi Litva imzalayacaq.

"Polşa SAFE-i birinci imzalamaqla şərq cinahında Avropanın əsas müdafiə sütununa çevrilir", - müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius imzalama mərasimində bildirib.

Onun sözlərinə görə, Avropa sülhü öz qüvvələri ilə qorumağa hazırlaşmalı və sadəcə silahlanmamalı, həm də müdafiə istehsalında Rusiyanı üstələməlidir. Bununla yanaşı, Kubilius qeyd edib ki, müdafiə sahəsinə investisiyalar müharibə aparmaq üçün deyil, onun qarşısını almaq üçün lazımdır.

Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, bu hadisə əsl sıçrayışdır.

"Polşa daha təhlükəsiz olacaq. Bu vəsaitlər (SAFE) birbaşa Polşanın təhlükəsizliyinin təmin edilməsinə, müdafiə sənayesinə, müdafiə sektoru ilə əməkdaşlıq edən Polşa şirkətlərinə, həmçinin texnoloji imkanlarımıza investisiya ediləcək", - o bəyan edib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər