“Biz nə vaxta qədər müxtəlif ölkələrin təhsil modellərindən danışacağıq?” - Ekspertlərdən ŞƏRH
Müasir dövrdə təhsil və maarifləndirmə yalnız məktəblərlə məhdudlaşmır, eyni zamanda media, rəqəmsal platformalar və ictimai təşəbbüslər bu prosesin ayrılmaz hissəsinə çevrilib.
Lakin buna baxmayaraq, hazırlanmış elmi-kütləvi və maarifləndirici proqramların böyük hissəsi gözlənilən effekti vermir.
Bu isə cəmiyyətdə həm bilik səviyyəsinin artırılması, həm də düşüncə tərzinin inkişafı baxımından müəyyən boşluqlar yaradır.
Bəs mövcud vəziyyətin səbəbləri nədir? Xarici ölkələrin təhsil modellərini tətbiq etmək nə qədər effektivdir? Problemləri necə həll etmək olar?
Məsələ ilə bağlı 1news.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, problemin kökü təkcə maddi resurslarda deyil, daha çox sistemli və düzgün yanaşmanın olmamasındadır:
"Bu sahədə əsas problem təkcə resurs və ya maliyyə deyil. Məncə, əsas məsələ sistemli yanaşmanın olmamasıdır. Proqramlar hazırlanır, lakin məqsəd auditoriya ilə nəticə arasında ciddi boşluq qalır. Kontent səviyyəsi ilə auditoriya səviyyəsi uyğun gəlmir. Elmi-kütləvi proqramlar ya həddindən artıq sadələşdirilir və nəticədə bilik vermir, ya da akademik dildə təqdim olunur ki, bu da geniş auditoriya üçün anlaşılmaz olur. Orta xətt hələ də tapılmayıb.
Digər mühüm problem tədqiqat və data əsaslı yanaşmanın zəifliyidir. Hansı proqramın nə dərəcədə təsirli olduğunu ölçən mexanizmlər demək olar ki, yoxdur və bu da inkişafı təsadüfi edir. Eyni zamanda təqdimat problemi mövcuddur. Vizual dil, hekayələşdirmə və interaktivlik kifayət qədər inkişaf etməyib. Halbuki müasir dövrdə insanlar yalnız məlumat deyil, təcrübə axtarır”.
Onun sözlərinə görə, xarici təcrübəyə baxanda bilinir ki, onlar auditoriyanı mərkəzə qoyur, bizdə isə tam fərqlidir:
“Maarifləndirici proqramlar çox vaxt nəzəri xarakter daşıyır və gündəlik həyatla əlaqələndirilmir. Nəticədə izləyici 'bu mənə nə verdi?' sualına cavab tapa bilmir. Xarici təcrübəyə baxdıqda isə fərq açıq görünür. Məsələn, BBC kimi qurumlar elmi informasiyanı hekayəyə çevirir, multidissiplinar komandalarla işləyir – alimlər, ssenaristlər və rejissorlar birlikdə fəaliyyət göstərir. Bizdə isə bu əməkdaşlıq zəifdir, texnoloji və vizual imkanlardan istifadə hələ də inkişaf mərhələsindədir.
Ən vacibi isə odur ki, onlar auditoriyanı mərkəzə qoyur.
Müxtəlif ölkələrin təhsil modellərinə baxdıqda, Finlandiyada daha stresssiz və düşüncə yönümlü yanaşma, Sinqapurda planlı və nəticəyönümlü sistem, Almaniyada isə peşə təhsili və praktiki bacarıqların inteqrasiyası ön plana çıxır. Lakin hər hansı modeli olduğu kimi tətbiq etmək düzgün deyil. Əsas məsələ bu modelləri yerli cəmiyyətə uyğun şəkildə adaptasiya etməkdir.
Hesab edirəm ki, elmi-kütləvi və maarifləndirici proqramların hazırlanmasında peşəkar kontent istehsalçıları ilə alimlər birgə işləməlidir. Proqramlar ölçülə bilən nəticələrə əsasən qiymətləndirilməlidir. Təhsil yalnız məktəblə məhdudlaşmamalı, media və ictimai platformalarla birlikdə düşünülməlidir”.
Təhsil eksperti Elmin Nurizadə mövzu ilə bağlı verdiyi açıqlamasında xarici təcrübənin kor-koranə tətbiqinin səmərə vermədiyini bildirib.
Onun sözlərinə görə, hər bir ölkənin təhsil sistemi həmin cəmiyyətin xüsusiyyətlərinə uyğun formalaşır və bu səbəbdən başqa modellərin olduğu kimi tətbiqi düzgün yanaşma deyil:
"Biz, ümumiyyətlə, hansısa ölkənin təhsil sistemini tam şəkildə mənimsəmək fikrindən uzaq olmalıyıq. Təhsilin istənilən sahəsində, istənilən pillə və səviyyəsində hər hansı bir ölkənin təcrübəsinin olduğu kimi tətbiqi düşünürəm ki, ciddi effekt verməyəcək və ya çox zəif nəticə göstərəcək. Bunun bariz nümunələrini də artıq görmüşük.
Məsələn, orta təhsil sahəsində Sinqapur modelini tətbiq etməyə çalışdıq, peşə təhsilində isə Koreya və Almaniya modellərinə yönəldik. Lakin bu cəhdlər gözlənilən nəticəni vermədi. Səbəb isə ondan ibarətdir ki, hər bir cəmiyyətin tədris proqramı və təhsil sistemi özünəməxsus şəkildə formalaşır.
Bəli, biz bu gün Sinqapur və ya Finlandiya təhsil sistemindən bizə uyğun olan müəyyən elementləri, modulları seçib uyğunlaşdıraraq tətbiq edə bilərik. Bu, beynəlxalq təcrübədən düzgün yararlanmaq deməkdir. Lakin başqa bir cəmiyyət üçün hazırlanmış təhsil sistemini olduğu kimi götürüb tətbiq etmək absurddur”.
Ekspert həmçinin qeyd edib ki, mütləq şəkildə öz milli təhsil sistemimizi və proqramımızı formalaşdırmalıyıq:
“Tam əminliklə demək olar ki, biz inkişaf etmiş ölkələrin təhsil sistemlərini araşdırmalı, oradakı uyğun elementləri müəyyənləşdirməli və tətbiq etməliyik. Bununla yanaşı, mütləq şəkildə öz milli təhsil sistemimizi və proqramımızı formalaşdırmalıyıq. Niyə də təhsildə Azərbaycan modeli olmasın?
Biz nə vaxta qədər müxtəlif ölkələrin – Sinqapurun, Finlandiyanın, Estoniyanın, Yaponiyanın və digər ölkələrin təhsil modellərindən danışacağıq? Artıq bizim öz milli təhsil brendimiz, böyük hədəflərə yönəlmiş sistemimiz olmalıdır. Bu sistem isə inkişaf etmək üçün digər ölkələrin təcrübələrindən modul və ya element kimi faydalana bilər.
Yəni burada əsas məsələ fərqli yanaşmaları düzgün ayırmaq və onları uyğun şəkildə tətbiq etməkdir”.







