Nigeriyada mina partladı: 6 ölü, 8 yaralı
Nigeriyanın Zamfara ştatında yol kənarına yerləşdirilən minanın partlaması nəticəsində 6 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bagega–Anka magistral yolunda qeydə alınıb. Sərnişin daşıyan mikroavtobusun hərəkəti zamanı yola əvvəlcədən yerləşdirilmiş mina partlayıb.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. Yaralanan şəxslərin yaxınlıqdakı tibb müəssisələrinə çatdırıldığı bildirilir.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP qruplaşmalarının hücumları ilə üz-üzədir.
Ölkədə adam oğurluğuna görə ölüm cəzası nəzərdə tutulsa da, fidyə məqsədilə həyata keçirilən qaçırılma halları geniş yayılıb. Silahlı qruplar əsasən ölkənin şimal bölgələrində kəndləri, məktəbləri və sərnişin daşıyan nəqliyyat vasitələrini hədəf alaraq fidyə tələb edirlər.












