Sinifdə şagirdləri döyən "qoçu" ilə bağlı 271 saylı məktəbdən AÇIQLAMA
Mayın 12-də paytaxtdakı 271 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında münaqişə baş verib.
1news.az xəbər verir ki, 271 saylı məktəbdən AZXEBER.COM-a verilən açıqlamaya görə, hadisə məktəbin sanitar qovşağında tənəffüs zamanı qeydə alınıb.
Münaqişədə iştirak edən 2 şagirdin adı etik səbəblərdən açıqlanmayıb.
Bildirilib ki, şagirdlər baş verən hadisə barədə müəllimlərə və məktəb rəhbərliyinə məlumat verməyiblər. Sosial şəbəkələrdə videogörüntülər yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb.
Araşdırma zamanı fiziki təzyiqə məruz qalan şagirdin heç bir xəsarət almadığı müəyyən edilib.
Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara məlumat verilib, valideynlər məktəbə dəvət olunub. Onlara övladlarının davranışlarına nəzarətin artırılması və məktəblə əməkdaşlığın gücləndirilməsi ilə bağlı tövsiyələr təqdim edilib.
Eyni zamanda məktəb psixoloqu tərəfindən şagirdlərlə bağlı dəstəkləyici tədbirlərə başlanıldığı bildirilib.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri də məktəbdə olub. Şagird davranış qaydalarına əməl olunmasına nəzarətin gücləndirildiyi, təlim-tərbiyə prosesinə uyğun olmayan hallarla bağlı maarifləndirmə işinin genişləndirildiyi qeyd edilib.
Hazırda məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












