Qledis Cina: “Bakıda keçirilən WUF13 təşkilatçılıq və planlaşdırma baxımından bütün gözləntiləri üstələdi”
“Təşkilatçılıq, koordinasiya və planlaşdırma baxımından WUF13 bütün gözləntiləri üstələdi”.
Bu fikirləri 1news.az-ın müxbirinə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Keniyanın “Nation Media Group” media qurumunun biznes həlləri üzrə baş icraçı direktoru Qledis Cina bildirib.
O qeyd edib ki, burada gördüyü hər şey ən yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, sərgi iştirakçıları üçün yaradılan məkanlar mükəmməl şəkildə layihələndirilib, texnologiyaların inteqrasiyası isə həqiqətən təsiredicidir. Belə ki, ziyarətçilər rəqəmsal ekranlar, QR kodlar və onlayn platformalar vasitəsilə stendlərlə birbaşa qarşılıqlı əlaqə qura bilir ki, bu da interaktiv atmosfer yaradır.
Qledis Cina media nümayəndələri üçün yaradılan xüsusi şəraiti ayrıca vurğulayaraq bildirib ki, bir çox tədbirlərdə əsas diqqət VIP zonalara yönəldiyi halda jurnalistlərin ehtiyacları arxa planda qalır. Lakin Bakıda yaradılmış media habı olduqca yüksək səviyyədə təşkil olunub.
O əlavə edib ki, ümumilikdə təəssüratları möhtəşəmdir və artıq öz ölkəsində tətbiq oluna biləcək ideyalar üzərində düşünür.
“Qlobal miqyasda artıq elə bir mərhələyə çatmışıq ki, urbanizasiya prioritetə çevrilməlidir - təkcə meqapolislərdə deyil, bütün regionlarda, xüsusilə də zəif inkişaf etmiş icmalarda. Biz pis sanitariya şəraiti, inkişaf etməmiş nəqliyyat sistemi və ictimai infrastruktur çatışmazlığı kimi problemləri həll etməliyik. Bakıda məni ən çox heyran edən məqam şəhər mühitində görünən transformasiya oldu. Şəhər düzgün planlaşdırma və modernləşmə sayəsində nələrin mümkün olduğunu əyani şəkildə nümayiş etdirir. Urbanizasiya düzgün yanaşma ilə həyata keçiriləndə daha yaxşı nəqliyyat sistemləri, inkişaf etmiş təhsil infrastrukturu, keyfiyyətli səhiyyə müəssisələri yaradır və ümumilikdə həyat səviyyəsini yüksəldir. Bu, daha effektiv sistemlərin, keyfiyyətli dövlət xidmətlərinin və güclü icmaların formalaşmasına gətirib çıxarır. İnanıram ki, forum məhz bu mesajı bütün dünyaya çatdıra biləcək”, - deyə keniyalı nümayəndə yekunlaşdırıb.












