9, 21 və 27 saylı poliklinikalarda işçilərin narahatlığı: “Bizi təlim adı ilə imtahana apardılar” | 1news.az | Xəbərlər
Cəmiyyət

9, 21 və 27 saylı poliklinikalarda işçilərin narahatlığı: “Bizi təlim adı ilə imtahana apardılar”

Ayşən Salehli15:05 - Bu gün
9, 21 və 27 saylı poliklinikalarda işçilərin narahatlığı: “Bizi təlim adı ilə imtahana apardılar”

Bakıda fəaliyyət göstərən 9, 21 və 27 saylı poliklinikaların birləşdirilməsi, ixtisarların aparılması və əməkdaşların “təlim” adı ilə imtahana cəlb edilməsi ilə bağlı iddialar işçilər arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı 1news.az-a poliklinikalardan birində çalışan əməkdaş tərəfindən şikayət daxil olub.

Tibb işçisi bildirib ki, son həftələrdə əməkdaşlar “təlim” adı ilə Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) aparılaraq imtahana cəlb olunublar.

Onun sözlərinə görə, əvvəlcə bunun təlim olduğu bildirilsə də, proses zamanı işçilərə tutduqları vəzifə ilə bağlı suallar verilib və nəticədə bunun imtahan olduğu məlum olub.

“Dedilər təlimdir, amma imtahana cəlb etdilər. Mən də həmin gün çox həyəcanlı idim. Bəzi suallara cavab verdim, bəzilərinə verə bilmədim. İndi bilmirik, bu imtahan nə üçün keçirilir”, - deyə əməkdaş bildirib.

Tibb işçisi imtahanın keçirilməsi zamanı bir sıra əməkdaşların ciddi həyəcan keçirdiyini də iddia edib:

“Çox işçi narahat oldu, bəzilərinin təzyiqi düşdü. Pis vəziyyətdə idik. İndi digərlərini imtahan edəcəklər. Həkimləri də bir-bir aparırlar”.

Onun sözlərinə görə, imtahandan sonra əməkdaşlara nəticələrlə bağlı hər hansı məlumat verilməyib:

“Bizə heç nə demədilər. Nə nəticə haqqında məlumat verdilər, nə də başqa bir şey”.

Tibb işçisi qeyri-müəyyənlikdən və keçirilən “imtahan”ların ixtisarlarla nəticələnə biləcəyindən narahat olduğunu bildirib. O, çalışdığı müəssisədə də ixtisarlarla bağlı müəyyən söz-söhbətlərin olduğunu deyib.

1news.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, tabeli tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması istiqamətində işlər davam etdirilir.

Məlumata görə, aparılan təhlillər çərçivəsində 9, 21 və 27 nömrəli şəhər poliklinikalarının fəaliyyətinin vahid idarəetmə modeli əsasında təşkili nəzərdə tutulur. Buna həmin tibb müəssisələrinin eyni ərazidə və bir-birinə yaxın yerləşməsi, eləcə də mövcud idarəetmə, insan resursları və digər inzibati funksiyaların vahid struktur çərçivəsində təşkilinin məqsədəuyğun hesab edilməsi əsas gətirilib.

TƏBİB bildirib ki, yeni idarəetmə modelinə keçidlə əlaqədar müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və faktiki kadr ehtiyacı yenidən qiymətləndiriləcək. Struktur dəyişikliklərinin əsasən rəhbər və inzibati vəzifələri əhatə edəcəyi, tibbi xidmətlərin göstərilməsi üçün zəruri olan kadr potensialının isə qorunmasının nəzərdə tutulduğu qeyd edilib.

Ştat strukturunda dəyişiklik nəticəsində əmək münasibətlərinə xitam verilməsi zərurəti yarandığı halda, uyğun vakant vəzifələr olduğu təqdirdə əməkdaşların TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində işlə təmin olunması imkanları nəzərdən keçiriləcək.

Bildirilib ki, əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənəcək, qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq müddəti və müvafiq işdənçıxarma müavinəti təmin ediləcək.

Beləliklə, TƏBİB-in cavabından görünür ki, struktur dəyişiklikləri çərçivəsində əsasən rəhbər və inzibati vəzifələrin yenidən qiymətləndirilməsi gözlənilir.

 

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər