Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy keçirilib - FOTO
Xocalı rayonunun Seyidbəyli kəndində 34 illik fasilədən sonra ilk dəfə toy mərasimi keçirilib.
1news.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.
Sentyabrın 1-də kəndə qayıdan məcburi köçkün ailəsi övladının toyunu doğma yurdda keçirib.
Uzun illər Şəkidə məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra qızı Aişə Məmişovanın toy mərasimini doğma torpaqda keçirib.
Aişə Məmişova Sərdar Ramazanovla ailə həyatı qurub.
Bildirilib ki, bu toy uzun illər məcburi köçkün həyatı yaşayan ailə üçün sadəcə xoşbəxt gün deyil, həm də Qarabağda həyatın bərpasının və insanların doğma torpaqlarına qayıdışının göstəricisidir.
Bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
S.Ramazanov bu gün döyüşdüyü torpaqlara yaxın ərazidə – Xocalının Seyidbəyli kəndində həyatının ən əlamətdar günlərindən birini yaşayır. O, böyük sevinc və qürur hissi keçirdiyini bildirib.
Seyidbəyli kəndində toy mərasimi ilə əlaqədar yüksək əhval-ruhiyyə hökm sürüb. Mərasimə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar gənc ailəyə xeyir-dua veriblər.
Qonaqlar şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək torpaqların azadlığına töhfə verən qazilərə minnətdarlıqlarını bildiriblər.





















