Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir

Qafar Ağayev10:56 - Bu gün
Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir".

1news.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.

O bildirib ki, məqsəd yalnız öz tarixini bilən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini anlayan vətəndaş yetişdirməkdir.

Komitə sədri Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə keçirilmiş Gənclərin I Forumunda səsləndirdiyi "Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir" fikrini xatırladıb və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

R.Məmmədov qeyd edib ki, internet, sosial media və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib. Buna görə də gənclərin düzgün dünyagörüşünün formalaşdırılması və etibarlı mənbələr əsasında dini biliklər əldə etməsi xüsusi əhəmiyyət daşıyır.

"Müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq. Gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir", - deyə o bildirib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər