Vüqar Zifəroğlu: Bəzi gənclər valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər
"Bəzi gənclər valideynləri ilə məsləhətləşmək əvəzinə süni intellektə müraciət edirlər".
1news.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində keçirilən “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” panelində çıxışı zamanı deyib.
O bildirib ki, virtual dünya artıq hər kəsin həyatının bir hissəsinə çevrilib və insanlar hər gün çoxsaylı məlumatlarla qarşılaşırlar. Bu məlumatların arasında həm doğru informasiya, həm də dezinformasiya mövcuddur.
V.Zifəroğlu qeyd edib ki, müəyyən həyat təcrübəsi olan insanlar informasiyanın doğruluğunu qiymətləndirməyi bacarsalar da, uşaqların və gənclərin informasiya təsirlərinə qarşı həssaslığı narahatlıq doğurur.
Təxminən 700 tələbəsi olduğunu bildirən dekan Z nəslinin texnologiya ilə münasibətini müşahidə etdiyini vurğulayıb.
“Elə gənclər var ki, onlar evdə valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər”, – deyə o bildirib.
V.Zifəroğlu milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə zərurət yarandıqda fəal mövqe nümayiş etdirməyin əhəmiyyətinə diqqət çəkib.












