Baba Vəziroğlu: Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inancını məktəbə gətirə bilməz
“Məktəblərdə vahid forma ilə bağlı qərar, fikrimcə, hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır”.
Bunu 1news.az-a açıqlamasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.
Şair bildirib ki, məktəblərdə vahid forma ilə bağlı qərar əslində çoxdan qəbul edilməli idi.
“Hətta deyərdim ki, mənim aləmimdə bu, vaxtı çoxdan keçmiş bir qərardır. Çünki bu qərar, doğrudan da, çoxdan verilməli idi. Azərbaycan müxtəlif etnik qrupların, dini baxışların və milli mentalitetlərin mövcud olduğu, böyük və kiçik xalqların birgə yaşadığı azad bir məmləkətdir. İnsanların fərqli düşüncələrə malik olmaq, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var.
Lakin məktəbdə bu azadlıqlar müəyyən çərçivələr daxilində tənzimlənməlidir. Tarixən belə olub və bundan sonra da belə olacaq. Çünki məktəb dini və ya milli məbəd deyil”, – deyə o bildirib.
Baba Vəziroğlunun sözlərinə görə, Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inanclarını məktəbə gətirə bilməz.
“Məktəb təhsil məbədidir. İnsanlara işıq verən, ziyalanma bəxş edən bir məbəddir. Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inanclarını məktəbə gətirə bilməz.
Bu geniş azadlıq məktəb divarları arasında təhsil müəssisəsinin müəyyən etdiyi konkret qaydalar çərçivəsində olmalıdır. Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Təsəvvür edin ki, hətta çinqaçuklar da yaşayır. Onlar məktəbə dəbilqə geyinərək, əllərində nizə tutaraq, bədənlərini əncir yarpağı ilə örtərək gəlməlidirlərmi? Əlbəttə ki, bu, gülünc olardı. Mən bunu sadəcə müqayisə üçün dedim. Bir daha təkrar edirəm ki, məktəb elm, təhsil, ziya və işıq məbədidir”, – deyə şair vurğulayıb.
Baba Vəziroğlu sonda qeyd edib ki, məktəbə qədəm qoyan hər kəs onun qayda-qanunlarına hörmətlə yanaşmalı və bu qaydaları anlayışla qarşılamalıdır.











