Milyonlarla azərbaycanlının ana dilində təhsilinə qadağa: Hicab arxasında gizlənən iranlı nazirin riyakar dəvəti - ŞƏRH

İranlı nazirin Azərbaycandakı məktəbli geyimi ilə bağlı açıqlaması müzakirə yaradıb
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.
Nazir məktəbli geyimi ilə bağlı müzakirələrə toxunaraq, Azərbaycanda təhsil hüququnun məhdudlaşdırıldığı barədə əsassız iddialar səsləndirib. O, vahid geyim qaydasına qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia etdiyi qızlara “azad təhsil mühiti” yarada biləcəklərini bəyan edib. Beləliklə, Sərraf özünü və İran dövlətini humanist mövqedə təqdim etməyə çalışıb.
Bu bəyanat təhsil siyasəti, dini məsələlər və dövlətlərin bir-birinin daxili işlərinə münasibəti ilə bağlı bir sıra sualları gündəmə gətirib.
İran rəsmiləri bu mövzuda ilk dəfə danışmır. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan məktəblərində hicabla bağlı məhdudiyyətlərə münasibət bildirmiş, məsələnin insan hüquqlarına hörmət əsasında həllinə ümid etdiyini demişdi. Son açıqlama isə İran rəsmilərinin Azərbaycanın təhsil siyasətinə yanaşmasını və bu cür bəyanatların ikitərəfli münasibətlərə mümkün təsirini yenidən müzakirə mövzusuna çevirib.
Halbuki bu mövzuda danışmazdan əvvəl İran tərəfi öz ölkəsindəki vəziyyəti də nəzərə almalı idi. İran qadın hüquqlarının pozulması və qadınlara qarşı sərt tətbiqatlarla tanınır. Hicab taxmaq istəməyən və həyatını itirən qadınlar da məhz İran vətəndaşları olub.
Məsələnin digər tərəfi İranda yaşayan azərbaycanlıların ana dilində təhsil imkanları ilə bağlıdır. Ölkədə milyonlarla azərbaycanlının ana dilində təhsil hüququnun təmin olunması uzun illərdir ictimai müzakirə mövzusu olaraq qalır. İran Konstitusiyasında yerli və milli dillərin mətbuatda işlədilməsi, eləcə də məktəblərdə tədrisi ilə bağlı müddəalar olsa da, onların praktikada tətbiqi suallar doğurur. Bu baxımdan, hicab mövzusunda səslənən açıqlamalar iki ölkədə dil, təhsil və hüquqlara yanaşmaların müqayisəsini də gündəmə gətirir.
Bəs İran nazirinin açıqlamasını hansı kontekstdə qiymətləndirmək lazımdır? İran rəsmilərinin Azərbaycanın məktəbli geyimi və hicab müzakirələrinə qarışması diplomatik baxımdan hansı sualları yaradır? İranda azərbaycanlıların ana dilində təhsil məsələsi bu müzakirələrdə nə dərəcədə nəzərə alınmalıdır? Bu cür bəyanatlar Azərbaycan-İran münasibətlərinə necə təsir edə bilər və Azərbaycan tərəfinin mümkün reaksiyası hansı prinsiplərə əsaslanmalıdır?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, İran tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirir.
Deputat bildirib ki, İran tərəfinin bu cür addımları ilk dəfə deyil və belə açıqlamalar Azərbaycanla münasibətlərin korlanmasına xidmət edir.
“Bildiyiniz kimi, İranla münasibətlərimizdə uzun müddət gərginlik yaşanıb. Bu səbəbdən İran rəsmiləri həmin keçmiş gərginliyi unutmamalıdırlar. Bu gün səsləndirilən bu cür açıqlamalar və bəyanatlar isə münasibətlərimizə yalnız xələl gətirir.
Əgər İranın müvafiq naziri azərbaycanlılara bu qədər dəyər verir, onların taleyinə bu qədər can yandırırsa, ilk növbədə öz ölkəsində yaşayan azərbaycanlıların təhsil hüquqlarının təmin olunması üçün çalışmalıdır. Azərbaycanlılara dəstək olmaq, onların hüquqlarını qorumaq niyyəti varsa, o zaman bu məsələlər nəzərə alınmalı və qeyd etdiyimiz problemlərin həlli istiqamətində real addımlar atılmalıdır.
“Azərbaycanlıların hüquqlarının qorunmasını həqiqətən istəyənlərə tövsiyəmiz budur ki, bəyanatlarla kifayətlənməsinlər, dediyimiz istiqamətdə konkret addımlar atsınlar və Azərbaycanın daxili işlərinə qarışmasınlar” – deyə deputat əlavə edib:
“Bir daha xüsusi olaraq vurğulayırıq ki, söhbət azərbaycanlıların hüquqlarının müdafiəsindən gedirsə, ilk növbədə İranda yaşayan azərbaycanlıların təhsil hüququ tanınmalı və bu istiqamətdə real tədbirlər görülməlidir.
Bu baxımdan, Azərbaycan qeyri-hökumət təşkilatlarının İran Prezidenti Məsud Pezeşkiana məsələ ilə bağlı müraciətlərini və bəyanatları əhəmiyyətli hesab edirik. Düşünürəm ki, belə məsələlərə mütləq reaksiya verilməli, müvafiq bəyanatlar səsləndirilməlidir. Qarşı tərəf bilməlidir ki, söhbət nədən gedir və hansı məqamları nəzərə almalıdır. Bu cür reaksiyalar və açıqlamalar məsələnin mahiyyətinin diqqətə çatdırılması baxımından çox vacibdir”.
Müəllifin son sözləri:
Uzun illərdir dünya mətbuatını izləyən jurnalist kimi bir məqamı xüsusi qeyd etmək istəyirəm: müsəlman əhalisinin üstünlük təşkil etdiyi bir sıra ölkələrdə qız uşaqlarının təhsil hüququ hələ də ciddi problem olaraq qalır. Lakin Tehranın rəsmi dairələri bu məsələyə göz yumur və təhsildən məhrum edilmiş qızlara ölkədə təhsil imkanı təklif etməkdən çəkinir. Eyni zamanda həmin rəsmilər bölgədə və dünyada nüfuzu artan, dinamik inkişaf edən Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərindən əl çəkmir.
Halbuki nə Azərbaycan qızları firavan və dünyəvi vətənlərini İranla dəyişər, nə də İranın Azərbaycanın daxili işlərinə qarışmaq kimi haqqı var.









