Məktəbdəki hadisə kölgədə qaldı: Hücuma məruz qalan jurnalistlər tənqid olundu – REAKSİYALAR

Görünən odur ki, dünən baş verən hadisə sosial medianı yenidən iki cəbhəyə bölüb. Söhbət 225 saylı məktəbdə jurnalistin çəkiliş zamanı şagirdlər tərəfindən döyülməsindən gedir. Bir tərəfdə peşə fəaliyyətini yerinə yetirən jurnalist, digər tərəfdə isə təhsil almalı olduğu məkanda zorakılığa əl atan şagird.
Mənzərə həm acınacaqlı, həm də düşündürücüdür. Ən ağrılı tərəfi isə baş verənlərin artıq cəmiyyətdə təəccüb deyil, mübahisə doğurmasıdır.
Məktəb dedikdə ağla elm, bilik, tərbiyə, gələcək gəlməlidir. Şagird dedikdə isə öyrənmək, inkişaf etmək, cəmiyyətə faydalı fərd kimi yetişmək. Bəs nə vaxtdan məktəblər zorakılıq xəbərlərinin ünvanına, şagirdlər isə kriminal hadisələrin iştirakçılarına çevrilib?
Jurnalistin çəkiliş zamanı şagirdlər tərəfindən döyülməsi isə bu mənzərənin növbəti acı nümunəsidir. Üstəlik, hadisənin müzakirəsi zamanı ortaya atılan “Görəsən, jurnalist özü qaşınıb?” sualı zorakılığa bəraət qazandırmağa çalışan düşüncənin nə qədər təhlükəli olduğunu göstərir. Əgər bir insanın döyülməsinə haqq qazandırmaq üçün səbəb axtarırıqsa, deməli, problem təkcə zorakılıq törədən şəxsdə deyil, ona bəraət qazandıran düşüncə tərzindədir.
Məsələni bir anlıq jurnalist peşəsindən kənara qoyaq. Söhbət insanın digər insana qarşı fiziki zorakılıq tətbiq etməsindən gedir. Heç bir narazılıq, heç bir mübahisə, heç bir xoşagəlməz sual zorakılığı avtomatik olaraq haqlı etmir. Jurnalistin sual verməsi, hadisəni lentə alması və ictimaiyyətə məlumat çatdırmağa çalışması onun döyülməsinə əsas ola bilməz. Jurnalistin işi məlumat toplamaq, sual vermək və cəmiyyəti məlumatlandırmaqdır. Şagirdin isə əsas vəzifəsi oxumaq, öyrənmək, tərbiyə almaq və özünü inkişaf etdirməkdir. Məktəbin də missiyası kiminsə gücünü nümayiş etdirdiyi meydan yaratmaq yox, şəxsiyyət yetişdirməkdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlı məsuliyyəti nəzərdə tutur. Bu fəaliyyətə zor tətbiq etməklə və ya zor hədəsi ilə mane olmaq hüquqi müstəvidə də ciddi məsələdir. Deməli, jurnalistə qarşı zorakılıq təkcə etik normaların pozulması deyil, konkret hallardan asılı olaraq hüquqi məsuliyyət doğura bilən əməldir.
Ancaq bütün bunların fövqündə daha böyük bir sual dayanır: biz hansı nəsli yetişdiririk? Məktəbdə qələm tutmalı əllər yumruğa çevrilirsə, mübahisənin həlli danışmaqda deyil, vurmaqda axtarılırsa, burada təkcə bir şagirdin davranışından danışmaq kifayət etmir.
Xatırladaq ki, hadisə telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi REAL TV-nin əməkdaşının başına gəlib. Mirşahin Ağayev sosial şəbəkə hesabında yayımladığı açıqlamada hadisəni törədən şəxslərin qanun qarşısında cavab verəcəyini vurğulayıb. O, həm araşdırma prosesinin, həm də təqsirkarların məsuliyyətə cəlb olunmasının sonadək xüsusi diqqətdə saxlanılacağını bildirib.

Telejurnalist yeniyetmələr arasında aqressiya və amansızlığın artmasından narahatlığını ifadə edərək problemin səbəbləri sırasında küçə xuliqanlığının təsiri ilə yanaşı, məktəblərdə keçirilən “Son zəng” tədbirlərində səsləndirilən kriminal məzmunlu mahnılara da diqqət çəkib.
Mirşahin Ağayev REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru kimi rəsmi mövqeyini açıqlayaraq hadisəni törədənlərin Azərbaycan qanunvericiliyi qarşısında məsuliyyətdən kənarda qalmayacağını bildirib. O, məktəblərdə zorakılıq və xuliqanlıq hallarına qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Ağayevin fikrincə, cəmiyyətin qəbul etdiyi davranış normalarına əməl etmək istəməyən şəxslər qanuni və hüquqi mexanizmlər vasitəsilə məsuliyyətə cəlb edilməli, onların islahı istiqamətində zəruri addımlar atılmalıdır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də məsələyə biganə yanaşmayıb. O, jurnalistin və operatorun döyülməsinin yalnız media nümayəndələrinin təhlükəsizliyi baxımından deyil, ümumilikdə məktəblərdəki nizam-intizam və nəzarət mexanizmləri baxımından da ciddi suallar doğurduğunu vurğulayıb.

Heydərli qeyd edib ki, jurnalist və operatora qarşı zorakılıq göstərən şagirdin gələcəkdə digər şagirdlərə, müəllimlərə və məktəb rəhbərliyinə münasibətdə necə davranacağı da düşündürücüdür. O, məktəbdə qaydalara əməl olunmamasının və zorakılıq hallarının baş verməsinin idarəçilik və nəzarət sisteminin effektivliyini sual altına aldığını bildirib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü məktəbin əsas missiyasının şagirdlərə bilik verməklə yanaşı, onların təhlükəsizliyini və düzgün tərbiyəsini təmin etmək olduğunu xatırladıb.
“Məktəb zorakılığın, özbaşınalığın, vandalizmin və bullinqin deyil, tərbiyənin, təhlükəsizliyin və əxlaqın məkanı olmalıdır! Bu gün jurnalistə qalxan əllər sabah cəmiyyətə qalxacaq”, - deyə Hacıbəy Heydərli vurğulayıb.
Maraqlı məqam isə Azərbaycan Mətbuat Şurasının sabiq sədri Rəşad Məcidin hadisəyə fərqli prizmadan yanaşmasıdır. O, jurnalistlərin peşə fəaliyyətinin vacibliyini vurğulamaqla yanaşı, faciə yaşamış uşaqların və onların ailələrinin hüquqlarının, şəxsi həyatının və psixoloji təhlükəsizliyinin qorunmasının da diqqətdən kənarda qalmamalı olduğunu bildirib.

Rəşad Məcidin fikrincə, mətbuat azadlığı jurnalistlərə həssas vəziyyətdə olan insanların hüquqlarını və mənəvi sərhədlərini nəzərə almamaq imkanı vermir. Peşəkar jurnalistika yalnız məlumatı necə əldə etməyi deyil, hansı məqamda çəkilişdən çəkinməyi və nə zaman susmağın daha doğru olduğunu da müəyyənləşdirməyi tələb edir.
O, jurnalistikanın əsas prinsiplərindən birinin insana hörmət olduğunu xatırladaraq, informasiya əldə etmək və yaymaq hüququ ilə şəxsi həyatın toxunulmazlığı arasında tarazlığın qorunmasının vacibliyinə diqqət çəkib.
“Azərbaycan müəllimi” səhifəsi də məsələyə Rəşad Məcidin yanaşmasına bənzər mövqedən çıxış edərək, jurnalist hüquqları ilə yanaşı, faciə yaşamış uşaqların və ailələrin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Paylaşımda hadisə şahidlərinin sözlərinə istinadla bildirilir ki, televiziya operatorundan azyaşlı şagirdlərlə müsahibə aparmamaq və onların psixoloji vəziyyətini nəzərə almaq dəfələrlə xahiş edilsə də, çəkilişlər davam etdirilib. Həmçinin, mərhum şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı iddia olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də belə həssas hadisələrin işıqlandırılması zamanı uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini xatırladıb.
Paylaşımda vurğulanır ki, bu hallar operatora qarşı zorakılığa bəraət qazandırmasa da, hadisəyə birtərəfli yanaşmaq düzgün deyil. Mətbuat azadlığı uşaqların psixoloji təhlükəsizliyini və insan ləyaqətini nəzərə almamaq demək deyil. Peşəkar jurnalistika həm məlumat yaymağı, həm də həssas məqamlarda etik sərhədləri qorumağı tələb edir.
REAL TV-nin aparıcısı Vəfa Həmzəyeva da həmkarı, zorakılığa məruz qalan operator Yusif Səfərlinin döyülməsinə münasibət bildirib. Onu şəxsən tanıdığını vurğulayan aparıcı sosial şəbəkə paylaşımında jurnalistin mümkün peşə səhvlərinin araşdırılmasının vacibliyini qeyd etməklə yanaşı, fiziki zorakılığa bəraət qazandırılmasını qəbuledilməz adlandırıb.

Vəfa Həmzəyeva bildirib ki, jurnalistlərin uşaqlarla müsahibə zamanı etik qaydalara əməl etməsi vacibdir. Lakin hər hansı qayda pozuntusu iddiası şikayət və araşdırma yolu ilə həll edilməli, zorakılığa çevrilməməlidir.
Aparıcı bir neçə nəfərin bir nəfərə hücum etməsini sərt tənqid edərək, uşaqlara yalnız onların hüquqlarını qorumağın deyil, zorakılığın yolverilməz olduğunu da öyrətməyin vacibliyini vurğulayıb.
“Mən heç kimdən mümkün peşə səhvinə göz yummağı istəmirəm. İstədiyim çox konkretdir: bir insanın döyülməsinə bəraət axtarmayın!” - deyə Vəfa Həmzəyeva qeyd edib.
Azvision.az saytının rəhbəri Vüsal Məmmədov da baş vermiş hadisəyə münasibətini bildirib. Jurnalist qeyd edib ki, bu fikri davam etdirsək, belə mülahizələr alınacaq: "Müəllimi döymək olmaz, amma təhsilin də sərhədləri var", "Həkimi döymək olmaz, amma təbabətin də sərhədləri var", "Aşpazı döymək olmaz, amma kulinariyanın da sərhədləri var"…
Vüsal Məmmədov bildirib ki, sərhədi aşanda onlar artıq jurnalist, həkim, aşpaz olmurlar, sərhəd pozucusu olurlar, deməli, hamısını basıb döymək müstəhəbdir:
"Maraqlı didaktikadır. İnsan haqları istiqamətində gedərkən haradasa səhv döndüyümüz üçün gəlib bu yerə çıxmışıq. Nəzərə alsaq ki, bunu yazan da bir jurnalistdir, elə düz eləyib bizi döyürlər".
Bütün bunlar hadisəyə münasibət bildirənlərin, xüsusilə də məsələyə yaxından bələd olan şəxslərin fikirlərinin yalnız bir hissəsi idi. Görünən odur ki, bu hadisə təkcə bir jurnalistin döyülməsi ilə məhdudlaşmır, həm də cəmiyyətin zorakılığa, peşə etikasına və tərbiyəyə münasibətini ortaya qoyur. Haqqın və ədalətin öz yerini tapacağına, hadisəyə hüquqi qiymət veriləcəyinə ümid edirik.
Amma bütün müzakirələrin sonunda acı bir mənzərə qalır: işini yerinə yetirərkən fiziki zorakılığa məruz qalan bir media əməkdaşı və təhsil, tərbiyə, mədəniyyət ocağı sayılan məktəbdə davranışı ilə ciddi suallar doğuran bir şagird. Bir tərəfdə peşə borcunu yerinə yetirən insan, digər tərəfdə isə gücünü zorakılıqla göstərməyə çalışan yeniyetmə...
Ən düşündürücü məqam isə budur: məktəbdə uşaqlara dərs keçilir, bəs onlara insanlıq dərsini kim öyrədir? Axı təhsil yalnız oxumaq, yazmaq, bilik qazanmaq deyil. Təhsil həm də başqasına hörmət etməyi, qəzəbi cilovlamağı, mübahisəni zorakılıqla deyil, sözlə həll etməyi bacarmaqdır.
Çünki bir cəmiyyətin gələcəyi yalnız yetişdirdiyi savadlı insanlarla deyil, həm də onlara aşıladığı dəyərlərlə ölçülür. Və unutmayaq: məktəbdə qiymət almaq olar, amma insanlıq imtahanından keçmək hər kəsə nəsib olmur.









