Azərbaycanda rəqəmsal səyyahlar üçün sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda rəqəmsal səyyahlar üçün sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılıb

1news Redaksiyası14:02 - Bu gün
Azərbaycanda rəqəmsal səyyahlar üçün sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılıb

Rəqəmsal səyyahlar (digital nomad) Azərbaycanda texnoparklar vasitəsilə sadələşdirilmiş qaydada qeydiyyatdan keçərək ölkədə yaşaya biləcəklər.

1news.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində qanunvericiliyə edilən dəyişikliklərlə bağlı media brifinqində bildirib.

Onun sözlərinə görə, rəqəmsal səyyahlar xaricdə çalışan, gəlirlərini xaricdən əldə edən və Azərbaycana yaşamaq məqsədilə gələn şəxslərdir.

Fərid Osmanov qeyd edib ki, rəqəmsal səyyah statusuna uyğun gələn şəxslər üçün müəyyən gəlir meyarları tətbiq olunacaq. Belə ki, onların son altı ay üzrə orta aylıq gəliri minimum əməkhaqqının ən azı 13 misli qədər olmalıdır. Bu isə hazırda təxminən 5 000–5 200 manat gəliri olan şəxsləri əhatə edir.

İRİA sədri vurğulayıb ki, həmin şəxslər Azərbaycana gəldikdən sonra müəyyən edilmiş tələblərə cavab vermək şərtilə texnoparklarda sadələşdirilmiş qeydiyyatdan keçə biləcəklər. Eyni zamanda, xaricdən əldə etdikləri gəlirlərə münasibətdə vergidən azadolma prinsipi də qorunacaq.

Onun sözlərinə görə, rəqəmsal səyyahların ölkəyə cəlb edilməsi yüksəkixtisaslı mütəxəssislərin Azərbaycana gəlməsinə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına töhfə verəcək. Həmin şəxslərin ölkə daxilində xərclədikləri vəsaitlər, eləcə də yaşayışla bağlı məsrəfləri də iqtisadi fəallığa müsbət təsir göstərəcək.

Fərid Osmanov əlavə edib ki, rəqəmsal səyyahların ilkin qeydiyyatı, həmçinin müvəqqəti və sonradan daimi yaşayış statusu əldə etmələri ilə bağlı hüquqi normalar artıq qanunvericilikdə təsbit olunub.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər