200 min manat rüşvət almaqda ittiham olunan DVX vəzifəlilərinin işi məhkəməyə göndərildi

Vergi yoxlaması keçirməmək müqabilində 200 min manat rüşvət alan vəzifəli şəxslərin işi məhkəməyə göndərilib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq olunmaması və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat rüşvət aldıqlarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər üç şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.












