Carlsberg Azerbaijan və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO

Carlsberg Azerbaijan şirkəti ilə Azərbaycan Texnologiya Universiteti arasında tələbələrin peşəkar inkişafını dəstəkləmək və təhsillə biznes sektoru arasında əlaqələri gücləndirmək məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum tələbələrin karyera inkişafına dəstəyi, bilik mübadiləsini və karyera görüşlərinin təşkilini, eləcə də onların şirkətdə mövcud təcrübə proqramları və açıq vakansiyalar üçün nəzərdən keçirilməsi imkanlarını əhatə edir.
Memorandum Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində Carlsberg Azerbaijan şirkətinin dəstəyi ilə yenilənmiş mühazirə otağının açılışı çərçivəsində imzalanıb. Bu təşəbbüs şirkətin universitetlərlə əməkdaşlığını genişləndirmək, gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərmək və gələcək mütəxəssislərlə əlaqələri gücləndirmək istiqamətində atdığı addımlardan biridir.
Layihə çərçivəsində mühazirə otağında yenilənmə işləri aparılıb, auditoriya elektron interaktiv lövhə, məlumatlandırıcı stendlər və zəruri tədris ləvazimatları ilə təchiz edilib. Məlumatlandırıcı stendlərdə Carlsberg-in tarixi və pivə istehsalında elmi tədqiqatların mühüm rolu təqdim olunur. Yenilənmiş məkan tələbələr üçün daha müasir və rahat tədris mühitinin yaradılmasına xidmət edir.
Carlsberg Azerbaijan-ın gənclərin inkişafına yanaşması yalnız təhsil dövründə dəstəklə məhdudlaşmır. Şirkət istedadların inkişafını mərhələli və uzunmüddətli proses kimi nəzərdən keçirir — staj proqramlarından başlayaraq əməkdaşların bilik və təcrübələrini artırmalarını, peşəkar bacarıqlarını inkişaf etdirmələrini və karyera yüksəlişi üçün yeni imkanlar əldə etmələrini əhatə edən davamlı inkişaf yolunu dəstəkləyir. Bu yanaşma şirkətin gələcək kadr potensialının formalaşdırılmasına və əməkdaşların inkişafına yönəlmiş istedadların inkişafı və karyera yüksəlişi strategiyası prinsipinə əsaslanır. Universitetlərlə əməkdaşlıq isə tələbələrə bu inkişaf imkanları ilə daha erkən tanış olmaq və gələcək peşəkar yollarını planlaşdırmaq üçün şərait yaradır.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov universitetlə şirkət arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib:
“Carlsberg Azerbaijan ilə əməkdaşlığımızın tələbələrimizin inkişafı üçün yeni imkanlar yaradacağına inanırıq. Universitet olaraq tələbələrimizin yalnız nəzəri biliklərə yiyələnməsinə deyil, həm də əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar əldə etməsinə xüsusi önəm veririk. Bu tərəfdaşlığın gələcəkdə karyera inkişafı, təcrübə proqramları, elmi-tədqiqat və innovasiya istiqamətlərində də genişlənməsini vacib hesab edirik. Universitetimizə göstərilən dəstəyə və əməkdaşlığa görə Carlsberg Azerbaijan şirkətinə təşəkkür edirəm”.
Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Krasimir Lazarov universitetlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
“Gənclərin inkişafına dəstək göstərməyi gələcəyə investisiya kimi qiymətləndiririk. Universitetlərdə təhsil alan tələbələr gələcəyin mütəxəssisləri və potensial həmkarlarımızdır. Bizim üçün vacib olan onların bilik və bacarıqlarını inkişaf etdirmələrinə, biznes mühitini daha yaxından tanımalarına və gələcək peşəkar yollarını müəyyənləşdirmələrinə dəstək olmaqdır.
Azərbaycan Texnologiya Universiteti ilə imzaladığımız Memorandum bu istiqamətdə yeni imkanlar yaradır. İnanıram ki, universitetlə əməkdaşlığımız tələbələrə nəzəri biliklərini praktiki təcrübə ilə tamamlamaq, gələcək karyeraları haqqında daha aydın təsəvvür formalaşdırmaq və peşəkar inkişaflarına doğru ilk addımlar atmaq imkanı verəcək”.


















