Səhnədən cəbhəyə yollanan müğənni: “Həmin günlər həyatımın ən şərəfli günləri idi”

Sənət adamları arasında elələri var ki, Vətənə sevgisini yalnız yaradıcılığı ilə deyil, əməli ilə də nümayiş etdirir.
Müğənni Vüqar Muradov da 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollananlardan biri olub. O, səhnəni arxada qoyaraq döyüş bölgəsinə gedib, hərbçilərimizə dəstək göstərib, ön xətdə müxtəlif tapşırıqları yerinə yetirib. Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı və Zəngilan istiqamətlərində yaşadığı hadisələr, təhlükə ilə üz-üzə qaldığı anlar və cəbhə yoldaşları ilə bağlı xatirələri bu gün də yaddaşındadır.
1news.az-a danışan müğənni Vüqar Muradov Vətən müharibəsində iştirakını xatırlayaraq həmin günləri həyatının ən şərəfli və unudulmaz dövrü kimi dəyərləndirib. O bildirib ki, müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanıb və ilk gündən tərəddüd etmədən döyüşlərə qoşulub:
“Həmin günlər çox həyəcanlı, tamamilə fərqli anlarla yadda qalıb. Könüllü şəkildə müharibəyə qoşuldum. İlk gündən tərəddüd etmədən, digər əsgər və zabitlərimiz kimi, lazım olan yerə qədər getdim, bacardığım hər şeyi etdim. Hətta bacardığımdan da artığını etməyə çalışdım. İndi orduda keçirdiyim hər günü xatırlayanda insana bir qədər qəribə gəlir. Hər şey sanki yuxu kimi görünür.
Bu, bizim - Azərbaycan əsgəri üçün həqiqətən də unudulmaz, şərəfli günlər idi. Xüsusilə Zəfər qazanmağımızı, Qələbəyə nail olmağımızı nəzərdə tuturam. Düşünürəm ki, bu böyük tarixin içində mənim də zərrə qədər payım var və buna görə özümü çox xoşbəxt hiss edirəm”.
“O an yaşadığım hisslər heç vaxt yadımdan çıxmayacaq”
Vüqar Muradov müharibə illərindən yaddaşında silinməyən hadisələrdən birinin gecə saatlarında minalanmış ərazidən keçərək hərbi təminat çatdırması olduğunu deyib. Onun sözlərinə görə, avtomobilin işıqlarını yandırmadan hərəkət etdikləri həmin vaxt istiqaməti itiriblər və qarşılarına çıxan hərbçi onları təhlükəli istiqamətə getməkdən xilas edib:
“Belə xatirələr bir və ya iki deyil, çoxdur. Məsələn, tam qaranlıqda, avtomobilin işıqlarını yandırmadan, minalanmış ərazidən keçərək böyük risk altında təminat çatdırdığım bir hadisə var.
Neytral zona deyilən bir ərazi var. Həmin zonanın o biri tərəfi düşmən mövqeləridir. Unutmadığım hadisələrdən biri gecə saat 2-3 radələrində texnikanı idarə edərək əraziyə təminat çatdırmağım olub. Bu, ön nöqtəyə, təyinat yerinə çatdırılmalı idi.
Həmin vaxt yanımda, təbii ki, kəşfiyyatçı da var idi. Lakin yolumuzun üzərində öz hərbçilərimizdən biri ilə qarşılaşdıq. Yaxşı ki, o insan qarşımıza çıxdı. Əks halda, düşünürəm ki, düşmən tərəfə keçə bilərdik. Qaranlıq olduğu, ərazi minalandığı üçün istiqaməti itirmişdik. Həmin hərbçi qarşımıza çıxaraq bizdən hara getdiyimizi soruşdu və istiqamətin yanlış olduğunu bildirdi. Bizi doğru yola yönəltdi.
Bu, müharibənin ən qaynar dövründə baş vermişdi. Avtomobilin işıqlarını niyə yandırmırdıq? Çünki işıqları yandırsaydıq, düşmən avtomobilin işığına əsasən olduğumuz yeri müəyyənləşdirə və bizi məhv edə bilərdi. Buna görə də təxminən 7-8 kilometrlik məsafəni tam qaranlıqda, avtomobilin işıqlarını yandırmadan qət edirdik.
Həmin hadisə heç vaxt yaddaşımdan silinməyəcək. O an çox güclü hisslər yaşadım. Qarşımıza çıxan həmin insan komandir idi. Onunla qarşılaşanda düşmən mövqelərinə cəmi 200-250 metr qalmışdı. Birbaşa neytral zonanın o biri tərəfi, düşmənin yerləşdiyi ərazi idi. Yaxşı ki, Allah bizi qorudu.
Həmin andakı həyəcan, səsimizdəki qorxu, eyni zamanda o insanın vaxtında qarşımıza çıxmasına görə yaşadığımız xoşbəxtlik heç vaxt yadımdan çıxmayacaq. Ərazi minalanmışdı. Təbii ki, kəşfiyyatçımızın sayəsində heç bir minaya düşmədik. Kəşfiyyatçılarımız çox peşəkar idilər. Onlardan biri ilə indi də münasibətim var, dostumdur. Hazırda xüsusi təyinatlı qüvvələrdə xidmət edir. Belə xatirələr çoxdur. Anılarımın sayı-hesabı yoxdur”.
“Hadrutda bir yüksəkliyə çıxaraq mahnı ifa etmişdim”
Yaradıcı insan kimi musiqinin müharibə dövründə də həyatının bir parçası olduğunu deyən Vüqar Muradov bəzi məqamlarda cəbhə yoldaşları və zabitlər üçün mahnılar ifa etdiyini söyləyib:
“Musiqi, əlbəttə, var idi. Şuşaya getməyimizə iki-üç gün qalmışdı. Həmin qarajda dostlarım, zabitlər üçün “Çırpınırdı Qara dəniz” mahnısını ifa etmişdim. Bu da yaddaşımda qalan anlardan biridir.
Ümumiyyətlə, arada belə məqamlar olurdu. Məsələn, Hadrutda bir yüksəkliyə çıxaraq “Ey Azərbaycanım” mahnısını oxumuşdum. İçimdən gəlirdi, ifa edirdim.
Vətənimizin təbiəti çox gözəldir. Bəzən həmin mənzərələrə baxanda özümü ifadə etmək istəyirdim. Musiqiçi, sənət adamı olduğum üçün bu, mənim üçün təbii idi.
Tez-tez oxuduğumu deyə bilmərəm. Sadəcə içimdən gələndə, məqamı yetişəndə ifa edirdim. Vətənpərvər, milli ruhlu mahnılarımızı oxuyurdum. Hərbçi yoldaşlarım da bunu istəyirdilər. Bəzən onlar xahiş edirdilər, mən də bir vətənpərvərlik mahnısı ifa edirdim”.
“Artıq heç vaxt müharibə arzulamıram”
Vüqar Muradov Qələbənin sevincini yaşasa da, müharibənin insan həyatında buraxdığı ağır izlərin unudulmadığını vurğulayıb. O, dünyanın heç bir yerində müharibə olmasını istəmədiyini, döyüşlərin fəsadlarının illərlə insanın psixologiyasına təsir etdiyini bildirib:
“Artıq heç vaxt müharibə arzulamıram. Təkcə ölkəmizdə deyil, ümumiyyətlə, dünyanın heç bir yerində müharibə olmasını istəmirəm. Çünki müharibə çox ağırdır. Onun fəsadları illərlə insanın üzərində qalır, travmalar, kontuziyalar yaranır. Müharibədən sonra normal həyata qayıtmaq da çətindir. Bunun üçün müalicə, insanın öz üzərində işləməsi, psixoloji dəstək alması lazımdır.
Kənardan baxanda elə görünə bilər ki, insan döyüşə gedir, vuruşur, qarşı tərəfi məhv edir və bununla da hər şey bitir. Amma belə deyil. Müharibədən sağ-salamat qayıtmaq çox çətindir. İnsan ya şəhid olur, ya da qazi. Çünki müharibədən əvvəlki kimi qayıtmırsan. Hətta adi bir güllə, minaatan səsi eşidən insan belə ciddi kontuziya yaşaya bilər. İllər keçsə də, həmin hadisələr psixologiyaya təsirini göstərir. Bunun saysız-hesabsız nümunələri, belə insanlar var.
Bizə çox yaraşan bir Qələbə qazandıq. Artıq altı ildir ki, həmin sevinci yaşayırıq. Heç vaxt ağlımıza gəlməyən gözəl hadisələr başımıza gəldi. Müstəqil və azad Azərbaycan əbədi yaşasın!
Dediyim kimi, bunlar şərəfli günlər idi. Cəbhə yoldaşlarımla, dostlarımla, hərbçi qardaşlarımla birlikdə olmaq, çəkinmədən müharibədə iştirak etmək həyatımın ən unudulmaz və ən şərəfli günləri idi. Əgər bu tarixi Qələbəyə az da olsa töhfəm olubsa, nə xoş mənə!”







