Azərbaycanın Qələbəsi: Milli gücün, strateji liderliyin və hərbi məharətin təntənəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Qələbəsi: Milli gücün, strateji liderliyin və hərbi məharətin təntənəsi

1news Redaksiyası13:07 - Bu gün
Azərbaycanın Qələbəsi: Milli gücün, strateji liderliyin və hərbi məharətin təntənəsi

İki tanınmış amerikalı hərbi ekspert, ABŞ-ın Vest-Poynt Hərbi Akademiyasının Müasir Hərb İnstitutunun rəhbəri Liam Kollinz və Akademiyanın Şəhər Döyüşləri İnstitutunun rəhbəri Con Spenser İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) adlı kitab yazıblar.

Azərbaycanın tarixi Zəfəri artıq bir neçə ildir ki, dünyanın aparıcı ölkələrinin hərbi akademiyalarında yaxından öyrənilir. Dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrindən biri olan Vest-Poynt Hərbi Akademiyasının ekspertlərinin bu mövzuda kitab nəşr etdirməsi Azərbaycan təcrübəsinin müasir hərb elmi üçün müstəsna əhəmiyyətini göstərir.

Amerika hərb elminə xas analitik dəqiqlik və mükəmməl elmi metodologiya əsasında yazılmış bu kitabı oxuduqca qürur duymamaq mümkün deyil. Əsərdə müharibənin strateji, əməliyyat və taktiki səviyyələrdə hərtərəfli və obyektiv təhlili təqdim olunur. Kitabın xüsusi dəyəri ondadır ki, Azərbaycanın Qələbəsi uzunmüddətli ümummilli səylərin nəticəsi kimi araşdırılır.

Kitabda da qeyd edildiyi kimi, Azərbaycanın Qələbəsi milli gücün, vahid məqsəd ətrafında birliyin və onilliklər boyu aparılmış hazırlığın nəticəsi idi. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədi ətrafında birləşmişdi. Lakin uğur qazanmaq üçün təkcə hərbi güc kifayət etmirdi. Qələbənin təməlində illərlə davam edən dövlət quruculuğu, iqtisadi və sosial inkişaf, diplomatik hazırlıq və Silahlı Qüvvələrin sistemli modernləşdirilməsi dayanırdı.

Müəlliflərin qeyd etdiyi kimi, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin strateji baxışının və ardıcıl rəhbərliyinin nəticəsi idi. Onun rəhbərliyi altında Azərbaycan milli məqsədlərinə nail olmaq üçün zəruri siyasi, iqtisadi, diplomatik və hərbi imkanlarını sistemli şəkildə inkişaf etdirdi. 2020-ci il məhz imkanların hazırlıqla qovuşduğu tarixi məqam oldu. Prezident İlham Əliyevin müharibə zamanı Ali Baş Komandan kimi qəbul etdiyi siyasi və hərbi qərarlar, eləcə də əldə edilmiş nəticələri müharibədən sonra möhkəmləndirmək göstərdiyi əzm həlledici rol oynadı.

Müharibədə Qələbə ilk növbədə effektiv komandanlıq və idarəetmə, düzgün əməliyyat planlaşdırılması, Azərbaycan əsgər və zabitlərinin müstəsna motivasiyası, yüksək hazırlığı və döyüş qabiliyyəti sayəsində əldə edildi. Pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar da daxil olmaqla müasir texnologiyalar mühüm üstünlüklər yaratsa da, Qələbəni təmin edən insan faktoru olmuşdur.

Müharibənin taleyini həll edən 2020-ci ilin noyabr ayının əvvəllərindəki Şuşa döyüşü bunu xüsusilə aydın nümayiş etdirir. Son dərəcə mürəkkəb relyef şəraitində, pilotsuz uçuş aparatlarının dəstəyi olmadan fəaliyyət göstərən, yüksək motivasiyalı və yaxşı təlim keçmiş Azərbaycan hərbçiləri yaxın məsafəli döyüşlərdə düşməni məğlub etdilər. Bu, müasir müharibədə insan amilinin həlledici əhəmiyyətinin parlaq nümunəsi idi.

Öz tərəfimdən qeyd edim ki, müharibənin xüsusi diqqətə layiq digər mühüm cəhəti onun humanitar aspektidir. Hərbi əməliyyatların humanitar nəticəsinin ölçülməsinin ən mühüm meyarı həyatını itirmiş şəxslər arasında mülki şəxslərin nisbətidir. Beynəlxalq humanitar hüquq mülki şəxsləri müharibə dövründə qorumağa çağırır.

Kontekst üçün qeyd edək ki, həlak olanlar arasında mülki şəxslərin payı 2003–2019-cu illərdə İraq müharibəsində təxminən 66–67 faiz, 1990–1991-ci illər Körfəz müharibəsində 87–88 faiz, 2023-cü ildən başlayan Qəzza münaqişəsində 83 faiz, Birinci Çeçen müharibəsində isə 90 faiz kimi qiymətləndirilmişdir.

Ermənistanın özünün açıqladığı rəqəmlərə əsasən, 44 günlük müharibədə erməni tərəfindən 78 mülki şəxs və 3755 hərbçi həyatını itirmişdir. Nəzərə almaq lazımdır ki, Ermənistan bir qayda olaraq, mülki itkiləri şişişirdir, hərbi itkilərini isə olduğundan az göstərir. Hətta bu rəqəmləri əsas götürdükdə belə, mülki şəxslər həlak olanların təxminən cəmi 2 faizini təşkil etdiyini görərik.

Şuşa, Hadrut və onlarla digər yaşayış məntəqəsinin azad edilməsi zamanı mülki infrastruktura dağıntıların vurulmadığını da xüsusi qeyd etmək istərdim. Qəzzada, Mosulda, Fallucada, Qroznıda və Ukraynanın çoxsaylı şəhərlərində müşahidə olunan genişmiqyaslı dağıntılardan fərqli olaraq, Azərbaycan ordusunun əməliyyatları yaşayış məskənlərinin dağıdılması ilə müşayiət olunmadı.

Bu, həm Azərbaycan xalqının humanist dəyərlərinin, həm də Silahlı Qüvvələrimizin yüksək peşəkar hazırlığının göstəricisidir. Azərbaycan hərbçilərinə beynəlxalq humanitar hüququn tələbləri ciddi şəkildə tədris edilirdi. Eyni zamanda, xeyli baha başa gəlməsinə baxmayaraq, hərbi hədəflərə zərbələr endirilərkən yüksək dəqiqlikli silahlardan istifadə olunurdu. Bu, xüsusilə mülki şəxslərin və mülki infrastrukturun yaxınlığında yerləşən hərbi hədəflərin dəqiq vurulmasına, mülki şəxslər arasında itkilərin və mülki infrastrukturun dağıntılarının istisna edilməsinə imkan verirdi.

Azərbaycanın döyüş meydanında qazandığı şanlı Zəfəri onilliklər boyu davam edən ümummilli səylərin və Prezident İlham Əliyevin liderliyinin məntiqi yekunu idi. Zəfərimiz milli birliyin, müdrik dövlət rəhbərliyinin, uzunmüddətli strateji hazırlığın və yüksək hərbi məharətin birləşərək necə həlledici nəticə verə biləcəyinin nümunəsi kimi başqa dövlətlər tərəfindən hələ onilliklər ərzində öyrənilməkdə davam edəcək.

Qaya Məmmədov, Milli Məclisin deputatı

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər