Dövlətin gücü, liderin iradəsi və əsgərin qəhrəmanlığı – Azərbaycan Zəfərinin formulu

Azad edilən hər bir şəhərin, doğma torpaq üzərində dalğalanan hər bir bayrağın arxasında 27 sentyabr 2020-ci ildən xeyli əvvəl qəbul edilmiş qərarlar, hələ yaradılmalı olan iqtisadi imkanlar, vaxt tələb edən ordu islahatları və uzunmüddətli tarixi perspektivə hesablanmış dövlət strategiyası dayanırdı. Buna görə də 8 Noyabr hərbi əməliyyatların başa çatmasının qeyd olunduğu adi bir tarixdən daha böyük məna daşıyır. Bu gün uzun illər ərzində həyata keçirilən dövlət quruculuğunun nəticələrinin, ölkə rəhbərliyinin siyasi iradəsinin və torpaqlarının azad olunmasını gözləyən xalqın qəhrəmanlığının bir nöqtədə birləşdiyi gündür.
Zəfərin hazırlığı ilk atəşdən xeyli əvvəl başlamışdı
2020-ci ildə baş verənlərin miqyasını ondan əvvəlki onilliklərdən ayrı şəkildə nəzərdən keçirməklə anlamaq mümkün deyil. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan eyni vaxtda dövlət quruculuğu, iqtisadi böhranın aradan qaldırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ərazi bütövlüyünün müdafiəsi kimi vəzifələri həll etmək zərurəti ilə üzləşmişdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə uzunmüddətli iqtisadi strategiyanın təməli qoyuldu. Bu strategiyanın ən mühüm istiqamətlərindən birini neft siyasəti təşkil edirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması beynəlxalq investisiyaların cəlb edilməsinə, Xəzər yataqlarının genişmiqyaslı işlənməsinə və Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılması üçün şəraitin yaradılmasına imkan verdi. İxrac boru kəmərlərinin inşası və Dövlət Neft Fondunun yaradılması da eyni uzunmüddətli strategiyanın tərkib hissələri idi.
Bu strategiyanın əhəmiyyəti enerji sektoru ilə məhdudlaşmırdı. İşğal altındakı ərazilərini geri qaytarmalı olan dövlətə müstəqil maliyyə bazası, müasir infrastruktur, beynəlxalq tərəfdaşlar və tamamilə fərqli səviyyədə fəaliyyət göstərə bilən ordu lazım idi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin iqtisadi potensialı ardıcıl şəkildə müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas resurslarından birinə çevrildi. Müasir silahların alınması, müdafiə sənayesinin inkişafı, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, zabit kadrlarının hazırlanması sistemində islahatlar və qoşunların idarə edilməsinə yeni yanaşmaların tətbiqi vahid prosesin tərkib hissələri idi.
Bu baxımdan xüsusilə vacib məqam ondan ibarətdir ki, Zəfər müharibə başlayan anda resursların qəfil səfərbər edilməsi nəticəsində qazanılmadı. Bu uğur qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir ordunun yaradılması istiqamətində uzunmüddətli fəaliyyətə əsaslanırdı. Burada Ali Baş Komandanın rolu da əsas amillərdən biri idi. Noyabrın 3-də Bakıda “Qarabağ müharibəsi: strategiya, texnologiyalar və Zəfər” kitabının təqdimatında əsərin müəlliflərindən biri, amerikalı hərbi ekspert Con Spenser İlham Əliyevin müharibənin gedişi barədə cəmiyyəti hər gün məlumatlandırmasını, cəbhədəki vəziyyətə şəxsən nəzarət etməsini və bu fəaliyyətin informasiya qarşıdurmasındakı əhəmiyyətini xüsusi qeyd edib.
Lakin rəhbərliyin qəbul etdiyi qərarlar yalnız arxasında ən ağır sınaqlardan keçməyə hazır olan ölkə dayandığı üçün tarixi əhəmiyyət qazandı. Dövlətin, xalqın və ordunun birliyi hərbçilərin döyüş tapşırıqlarını yerinə yetirməyə, cəmiyyətin cəbhəyə dəstək göstərməyə, dövlət institutlarının isə müharibə şəraitində ölkənin fasiləsiz fəaliyyətini təmin etməyə hazır olmasında özünü göstərdi. Zəfərin ən mühüm amillərindən biri də məhz bu birlik idi.
Şuşa, Hadrut və döyüş meydanındakı insan amili
Bu gün 2020-ci il müharibəsindən danışarkən bəzi şəxslər hadisələri, əsasən, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar prizmasından qiymətləndirir, qələbəni yalnız texnoloji üstünlüklə əlaqələndirməyə çalışırlar. Lakin belə izah baş verənləri həddindən artıq sadələşdirir. Müasir silahlar böyük rol oynasa da, texnika öz-özünə dağ yüksəkliklərini ələ keçirmir, keçilməsi çətin meşələrdən keçmir, düşmən atəşi altında qərarlar qəbul etmir və hücuma qalxmır.
Noyabrın 3-də Bakıda keçirilən təqdimatda kitabın həmmüəllifi, ABŞ ordusunun istefada olan polkovniki Liam Kollinz pilotsuz uçuş aparatlarının öz rolunu oynadığını, lakin Zəfərin 20 ildən artıq müddətdə həyata keçirilən strategiyanın, eləcə də Qarabağın azad edilməsi vəzifəsini yerinə yetirməyə qadir silahlı qüvvələrin yaradılması, inkişafı və tətbiqinin nəticəsi olduğunu vurğulayıb. Con Spenser isə öz növbəsində insan amilinə və döyüş əməliyyatlarının nəticəsinin yalnız texnologiya ilə müəyyən edilmədiyinə diqqət çəkib. Bu qənaətlər təkcə sənədləri və videomaterialları araşdıran deyil, həm də döyüş meydanlarına şəxsən səfər edən, komandirlərdən tutmuş sıravi hərbçilərədək döyüş iştirakçıları ilə söhbətlər aparan mütəxəssislərin gəldiyi nəticələrdir.
Hadrutun azad edilməsi əməliyyatı hərb tarixində xüsusi yer tutur. Bu əməliyyat Azərbaycan bölmələrinin dağlıq ərazilərin dərinliklərinə doğru irəliləməsinin mühüm mərhələsini açdı. Şuşa əməliyyatı da az əhəmiyyət daşımırdı. Təbii relyef, qayalı yamaclar, meşə massivləri və dar keçidlər şəhəri olduqca mürəkkəb hərbi hədəfə çevirirdi. Ağır texnikadan ənənəvi qaydada istifadə etmək mümkün deyildi, atəşin kütləvi şəkildə tətbiqi isə genişmiqyaslı dağıntılara səbəb ola bilərdi. Belə şəraitdə dağlıq əraziləri aşaraq yaxın məsafəli döyüşə girən hazırlıqlı bölmələrin fəaliyyəti həlledici əhəmiyyət qazandı. Xüsusi təyinatlı qüvvələrin nizami ordu bölmələri ilə uzlaşdırılmış fəaliyyəti, komandanlığın çevikliyi və ərazinin xüsusiyyətlərindən düzgün istifadə etmək bacarığı uğurun mühüm amilləri oldu.
Hərbi kampaniya qeyri-standart qərarlarla da yadda qaldı. Yenidən təchiz edilmiş An-2 təyyarələrindən saxta hava hədəfləri kimi istifadə olunması Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyən etməyə kömək edirdi. Xarici hərbi araşdırmalarda da təsvir edilən bu taktika müasir döyüş meydanında rəqibi çaşdırmaq, kəşfiyyat aparmaq və müxtəlif zərbə vasitələrinin qarşılıqlı fəaliyyətini təmin etmək bacarığının nə qədər vacib olduğunu göstərir. Lakin burada da texnologiya Zəfərin müstəqil yaradıcısı deyil, sadəcə, vasitə idi. Onun arxasında hesablanmış strategiya, hazırlıq, intizam və son dərəcə mürəkkəb şəraitdə qarşıya qoyulan planı həyata keçirməli olan insanlar dayanırdı.
Məhz buna görə də Şuşanın azad edilməsi tarixi silahların imkanlarının növbəti nümayişi kimi deyil, Azərbaycan əsgərinin şücaətinin təcəssümü kimi yadda qalacaq. Dağ yüksəkliklərində və dar keçidlərdə döyüşlərin taleyini sona qədər getməyə hazır olan insanlar həll edirdi. Onların qəhrəmanlığı Zəfərin heç bir texniki göstərici ilə əvəz edilə bilməyən əsas insani tərəfidir.
Davam edən Zəfər
Atəşkəsin əldə olunması ilə dövlət suverenliyinin tam bərpası arasında ciddi fərq var. Beynəlxalq təcrübədə elə münaqişələr az deyil ki, atəşkəs sazişləri imzalandıqdan sonra belə onilliklər ərzində qeyri-müəyyən vəziyyətdə qalır. Azərbaycan nümunəsində isə proses fərqli inkişaf etdi. 44 günlük müharibənin nəticələri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla rəsmiləşdirildi. Lakin ölkənin bütün ərazisi üzərində tam suverenliyin bərpası 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra başa çatdı. Beləliklə, hərbi Zəfər öz davamını tapdı və uzun illər davam edən münaqişə sona çatdı.
Bununla yanaşı, Bakı hərbi məqsədlərə nail olmaqla kifayətlənmədi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının tanınmasına əsaslanan beş əsas prinsip irəli sürdü. Bu prinsiplər 2022-ci ilin martında İrəvana təqdim edildi və sonrakı danışıqlar prosesinin əsasını təşkil etdi. 2025-ci il avqustun 8-də iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda razılaşdırılmış sülh sazişinin mətnini parafladılar. Hazırda sənəd hələ imzalanmayıb. Bununla belə, danışıqların hərbi qarşıdurmadan dövlətlərarası münasibətlərin razılaşdırılması mərhələsinə keçməsi Azərbaycanın öz maraqlarını diplomatik vasitələrlə müdafiə etməyə davam etdiyini göstərir.
Digər mühüm nəticə də var. Ərazi bütövlüyünü bərpa edən ölkə hərbi uğurla kifayətlənmədi. Qarabağ və Şərqi Zəngəzur onilliklər ərzində doğma evlərindən uzaqda yaşamış insanların geri qayıtdığı genişmiqyaslı bərpa və quruculuq məkanına çevrildi. 2026-cı ilin oktyabrına olan məlumata görə, azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsində məskunlaşan 40 mindən çox insan doğma torpaqlarına qayıdıb. Bərpa işlərinə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb. Qarşıda duran vəzifələrin miqyası kompleks inkişaf proqramının təxminən 13,6 min kvadratkilometr ərazini əhatə etdiyini nəzərə aldıqda daha aydın görünür. Bu ərazi Livanın sahəsindən böyükdür.
Bu işlərin ayrıca və son dərəcə ağır istiqamətlərindən biri də minatəmizləmə fəaliyyətidir. Artıq 300 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu, sadəcə, statistik göstərici deyil. Söhbət tədricən insanlara, kənd təsərrüfatına, tikintiyə və normal həyata qaytarılan minlərlə hektar torpaqdan gedir. Eyni zamanda avtomobil yolları çəkilir, körpülər, tunellər, dəmir yolu xətləri, hava limanları inşa olunur, yaşayış məhəllələri, məktəblər və tibb müəssisələri tikilir. Faktiki olaraq dövlət bütöv şəhər və kəndləri yenidən qurmalı, infrastrukturu sıfırdan yaratmalı və paralel şəkildə əhalinin təhlükəsiz qayıdışını təmin etməlidir.
Zəfər Silahlı Qüvvələrin gələcək inkişaf məntiqini də dəyişdi. 2020-ci ildən sonra ordu islahatları artıq hərbi uğura nail olunduğu üçün dayandırılmadı. Əksinə, qoşunların hazırlanması və təşkili üzrə yeni istiqamətlər yarandı, komando hazırlığı sistemi genişləndirildi. İlk komando bölməsi 2021-ci ilin dekabrında Hadrutda yaradıldı, daha sonra belə bölmələr digər bölgələrdə də formalaşdırılmağa başlandı. Hərbi təhsilin yenilənməsi, şəxsi heyətin hazırlığının təkmilləşdirilməsi və müdafiə-sənaye bazasının inkişafı istiqamətində işlər davam etdirildi.
Bu fəaliyyətin nəticələri iqtisadi göstəricilərdə də öz əksini tapır. 2025-ci ildə Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub, müdafiə təyinatlı məhsulların ixracı isə təxminən 20 ölkəni əhatə edib. Vaxtilə silah təchizatında demək olar ki, tamamilə xarici mənbələrdən asılı olan dövlət tədricən öz istehsal imkanlarını formalaşdırır və müdafiə sənayesi məhsullarının beynəlxalq bazarlarına çıxır.
Bütün bunlar Azərbaycanın regional və beynəlxalq siyasətdəki mövqeyini yeni prizmadan qiymətləndirməyə imkan verir. Artıq elmi ədəbiyyatda ölkəmizlə bağlı “formalaşmaqda olan orta güc” anlayışından istifadə olunur. Bu qiymətləndirmə hərbi potensial, enerji sahəsindəki rol, nəqliyyat-coğrafi mövqe, müstəqil diplomatik xətt və regional, eləcə də beynəlxalq məsələlərin həllində iştirak imkanları kimi amillərin məcmusu ilə əlaqələndirilir. Bu gün Azərbaycan müasir tarixinin əhəmiyyətli bir hissəsində malik olmadığı imkanlara sahibdir. Son iki əsrin ən güclü Azərbaycanından danışarkən söhbət yalnız hərbi qüdrətdən getmir. Burada dövlətin öz gündəliyini müstəqil müəyyənləşdirmək, suverenliyini qorumaq, iqtisadiyyatını inkişaf etdirmək və coğrafi mövqeyini strateji üstünlüyə çevirmək qabiliyyəti də nəzərdə tutulur.
8 Noyabr bizə bu yolun hansı bədəllə başa gəldiyini xatırladır. Zəfərin arxasında şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, doğmalarının qayıdışını gözləyən ailələrin və itirilmiş yurd yerlərinin xatirəsini qoruyub saxlayan bütöv bir xalqın taleyi dayanır. Lakin bu tarixin mənası yalnız 2020-ci ilin hadisələrini xatırlamaqla məhdudlaşmır. Zəfər dövlət inkişafının yeni mərhələsinin başlanğıcına çevrildi: suverenliyin bərpasından insanların doğma torpaqlarına qayıdışına, ordunun yenilənməsindən ölkənin beynəlxalq imkanlarının genişlənməsinə qədər.
Bəlkə də, bütün bunların ən mühüm nəticəsi ondan ibarətdir ki, Azərbaycan tarixi məqsədini konkret nəticəyə çevirməyi bacardı. Döyüş meydanında ərazilər azad edildi, diplomatiyanın qarşısında yeni gündəlik formalaşdı, dağıdılmış yaşayış məntəqələrinin yerində isə tədricən yeni həyat qurulur. Buna görə də Zəfər Günü həm qəhrəmanlığın xatirəsi, həm də ölkəmizin Zəfərdən sonra nələrə nail olduğunun göstəricisidir.









