Ön cəbhədə döyüş, arxa cəbhədə həyat savaşı: cərrahın 44 günlük müharibə xatirələri - VİDEOMÜSAHİBƏ

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlığını, ordumuzun gücünü və sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. 8 Noyabrda Şuşanın azad edilməsi ilə Zəfərlə başa çatan bu müharibədə ön cəbhədə döyüşən igid oğullarımızla yanaşı, onların həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlərimizin də xüsusi xidmətləri oldu.
Müharibənin ilk günlərindən könüllü olaraq cəbhə bölgəsinə yollanan tibb işçiləri yaralı əsgər və zabitlərimizin həyata qayıtması üçün böyük fədakarlıq göstərdilər. Onlardan biri də Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, həkim-cərrah Elmir Əsgərovdur.
Elmir Əsgərov 27 sentyabr 2020-ci ildə könüllü həkim briqadası ilə Gəncəyə yollanaraq yaralı hərbçilərimizə tibbi yardım göstərib. Təxminən 50 nəfərdən ibarət peşəkar tibbi heyətlə Abbas Səhhət adına xəstəxanada hospitalın fəaliyyətini təşkil ediblər.
1news.az-a müsahibəsində Elmir Əsgərov müharibə günlərində yaşadıqlarından, ağır əməliyyatlardan, Gəncənin bombalanması zamanı şahidi olduğu hadisələrdən, eləcə də yaddaşında silinməz iz qoyan xatirələrindən danışıb.
Həkim bildirir ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusuna Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən əks-hücum əmri verildikdən sonra, çoxsaylı həkimlər də könüllü olaraq müharibəyə yollanmaq, öz vicdan borclarını yerinə yetirmək istəyiblər.
“Biz Mərkəzi Neftçilər Xəstəxanası olaraq müharibənin başladığı ilk gün, 27 sentyabr 2020-ci ildə təxminən 50 nəfərdən ibarət könüllü tibbi briqada ilə yola düşdük. Harada daha çox ehtiyac olduğunu müəyyənləşdirmək üçün müvafiq qurumlarla əlaqə saxladıq. Aparılan koordinasiya nəticəsində Gəncəyə getməyimiz tövsiyə olundu. Həkimlər, anestezioloqlar, cərrahlar, travmatoloqlar, müxtəlif ixtisaslı mütəxəssislər və tibb bacılarından ibarət komandamız Gəncəyə yollandı.
İlk olaraq Mərkəzi Hərbi Hospitala getdik. Həmin vaxt hospitalın üzərinə düşən yük çox ağır idi və əlavə tibb müəssisəsinə ehtiyac yaranmışdı. Biz könüllü olaraq bildirdik ki, kifayət qədər böyük və peşəkar komandamız var, bütöv bir hospitalın fəaliyyətini təşkil edə bilərik. Nəticədə Gəncədə Abbas Səhhət adına xəstəxana briqadamıza həvalə olundu. Cəmi bir gün ərzində bütün komandamızla birlikdə orada hospital qurduq və fəaliyyətə başladıq”, – deyə həkim bildirib.
Elmir Əsgərovun sözlərinə görə, briqada oktyabrın 27-dən noyabrın 12-dək həmin xəstəxanada fəaliyyət göstərib. Bu müddət ərzində çoxsaylı mürəkkəb əməliyyatlar həyata keçirilib.
“Bu müharibə bizim üçün qürur mənbəyi idi. Necə ki, igid əsgərlərimiz ön cəbhədə, səngərlərdə döyüşürdülər, biz də onların sağlamlığının keşiyində tibb işçiləri olaraq dayanmışdıq. Hər bir əsgərimizə xüsusi diqqət və qayğı göstərirdik. Onların sağlamlığına çox ciddi yanaşırdıq. Əsgərlərimizin əlinin, ayağının amputasiya edilməməsi, orqanlarının itirilməməsi üçün əlimizdən gələni edirdik.
Bəzən bir əsgərin həyatını xilas etmək üçün saatlarla əməliyyat aparırdıq. Düşünürəm ki, qazanılan Zəfərdə tibb işçilərinin də kiçik də olsa, öz payı var. Biz də buna görə xoşbəxtik”, – deyə o qeyd edib.
Həkim müharibə günlərində yaşadığı ən ağır mənəvi sınaqlardan birinin Gəncə şəhərinin bombalanması zamanı günahsız uşaqların həyatını itirməsi olduğunu vurğulayıb.
“Tibb personalı gecə-gündüz, yuxusuz çalışırdı. Bəzən bir əsgərin həyatını xilas etmək üçün səkkiz-doqquz saat davam edən əməliyyatlar aparırdıq. Şəxsən mənim müharibə ilə bağlı yaşadığım ən ağır travmalardan biri Gəncə şəhərinin bombalanması zamanı günahsız, körpə uşaqların həyatını itirməsi idi. Onların yaralanması, onlara tibbi yardım göstərməyimiz bizim üçün çox ağır idi. Çünki onlar məsum uşaqlar idilər, hələ həyatda çox şey görməmişdilər. Onların gözümüzün qarşısında həyatını itirməsi ilə barışmaq çox çətin idi
Gəncə birbaşa döyüş zonası olmasa da, şəhərə atılan raket və kasetli bombalar nəticəsində çoxsaylı mülki vətəndaşlarımız həyatını itirdi. Bizim fəaliyyət göstərdiyimiz Abbas Səhhət adına xəstəxananın ətrafına da böyük dağıdıcı gücə malik bombalar düşürdü.Belə vəziyyətdə bütün briqadanın düşündüyü əsas məsələ yaralı əsgərləri təhlükəsiz şəkildə necə təxliyə etmək idi. Rəhbərliklə birlikdə təcili qərarlar qəbul edirdik. Əgər xəstəxanaya bomba düşərsə, xəstələri necə köçürəcəyimiz, onları sığınacaqlara necə aparacağımız barədə əvvəlcədən planlar hazırlayırdıq.- ” - deyə Elmir Əsgərov xatırlayıb.
Həkimin yaddaşında xüsusi yer tutan hadisələrdəndə danışdı Onun sözlərinə görə, 18 yaşlı əkiz qardaşlardan biri yaralanaraq hospitala gətirilib, daha sonra digər qardaşı da yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“Bir-birlərini görmələri, hər ikisinin sağ olduğunu bilmələri çox duyğusal anlar idi. Amma yaddaşımda xüsusi yer tutan başqa bir hadisə də var. Açığı, həmin xatirə məni çox kövrəltmişdi. Bir mayorumuzu müalicədən sonra hospitaldan evə buraxmağa hazırlaşırdıq. Yaralı mayorumuzu hospitalın həyətində gözləyirdik. Həmin vaxt xəstəxanaya yenə yaralı əsgərlər gətirilirdi. O, bizim necə çalışdığımızı izləyirdi. Sonra mənə yaxınlaşaraq dedi: “Elmir doktor, mən artıq bilirəm ki, bizim əsgərimiz zəfər çalacaq, ordumuz zəfər çalacaq, millətimiz zəfər çalacaq”.
Daha sonra əlavə etdi ki, 20 illik hərbçi fəaliyyəti ərzində ilk dəfə Azərbaycan Ordusu ilə Azərbaycan xalqının bu qədər birlik nümayiş etdirdiyinin şahidi olur.
Bu sözlər məni çox duyğulandırdı. Çünki həmin günlərdə artıq ön cəbhə və arxa cəbhə anlayışı sanki bir-birindən ayrılmırdı. Hamımız eyni məqsəd uğrunda mübarizə aparırdıq. Biz bir millət idik, bir ruh idik. Xalqımız, əsgərimiz, həkimimiz eyni amal, eyni məqsəd uğrunda çalışırdı. Bu, həqiqətən də çox gözəl və unudulmaz hiss idi”, – deyə həkim bildirib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın birlik və həmrəyliyinin, ön cəbhədə döyüşən igid əsgər və zabitlərimizin qəhrəmanlığının, eləcə də arxa cəbhədə yaralı hərbçilərimizin həyatını xilas etmək üçün fədakarlıq göstərən həkim və tibb işçilərimizin əməyinin nəticəsi idi.Həmin günlərdə hər kəs öz üzərinə düşən vəzifəni Vətən sevgisi ilə yerinə yetirirdi. Kimisi torpaqlarımızın azadlığı uğrunda silaha sarılır, kimisi isə qəhrəmanlarımızı yenidən həyata qaytarmaq üçün mübarizə aparırdı. Bu gün 8 Noyabr Zəfərini qeyd edərkən onların hər birinin xidmətini ehtiramla xatırlayırıq.
Zəfərin əbədi olsun Azərbaycan!












