ABŞ-nin Yaxın Şərqdəki səfirliklərindən vətəndaşlara xəbərdarlıq: Bölgədə hərbi gərginlik arta bilər

ABŞ-nin Yaxın Şərq ölkələrindəki səfirlikləri bölgədə təhlükəsizlik vəziyyətinin kəskin pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər.
1news.az xəbər verir ki, ABŞ-nin diplomatik nümayəndəlikləri İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və kritik infrastruktura hücumlar təşkil etdiyini bildirərək, münaqişənin qısa müddətdə daha da genişlənə biləcəyi barədə xəbərdarlıq ediblər.
İraq, Yəmən, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, İordaniya və Livanda yaşayan ABŞ vətəndaşlarına mümkün nəqliyyat çətinliklərinə, hava məkanlarının bağlanmasına və uçuşların ləğvinə qarşı diqqətli olmaları tövsiyə edilib.
Açıqlamalarda, həmçinin İranın və onun dəstəklədiyi qruplaşmaların bölgədəki yüksəkvəzifəli ABŞ rəsmilərini, eləcə də Amerika qurumları ilə əlaqəli təşkilatları hədəfə ala biləcəyi bildirilib.
Bölgədə yaşayan və bu ölkələrə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına uçuşların vəziyyətini müvafiq aviaşirkətlərlə dəqiqləşdirmək və mümkün fövqəladə hallara hazır olmaq çağırışı edilib.









