Şuşanın azad edilməsi xalqımızın milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Şuşanın azad edilməsi xalqımızın milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir - ŞƏRH

Qafar Ağayev18:00 - Bu gün
Şuşanın azad edilməsi xalqımızın milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir - ŞƏRH

"Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli-mənəvi yaddaşında müstəsna yer tutur".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat bildirib ki, Şuşa əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatının mühüm mərkəzlərindən biri olub:

“Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhərin azad edilməsi xalqımızın tarixi ədalətin bərpasına olan inamının və milli birliyinin təntənəsinə çevrilib. Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti sayəsində şəhər qısa müddətdə Qarabağ xanlığının mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Şuşa tarixən özünəməxsus memarlıq üslubu, qədim məscidləri, daş küçələri və zəngin mədəni mühiti ilə seçilib. Bu şəhər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb. Şuşa xüsusilə musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrlə seçilir. Təsadüfi deyil ki, şəhər uzun illər muğam sənətinin beşiyi, Azərbaycanın görkəmli musiqi və sənət xadimlərinin vətəni kimi tanınıb. Burada formalaşan zəngin musiqi və ədəbi mühit milli mədəniyyətimizin inkişafına böyük töhfələr verib. Şuşa bizim üçün sadəcə bir şəhər deyil, milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi dünyamızın ayrılmaz hissəsidir”.

Pərvanə Vəliyeva

Pərvanə Vəliyeva qeyd edib ki, 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb:

“Şuşanın işğalı xalqımız üçün ən ağır tarixi faciələrdən biri oldu. Şəhərin sakinləri doğma yurdlarından didərgin salındı, yüzilliklər ərzində formalaşmış tarixi-mədəni mühit ciddi dağıntılara məruz qaldı. İşğal dövründə Azərbaycan xalqına məxsus tarixi və dini abidələr dağıdıldı, muzeylər talan edildi, milli-mədəni irsimizə qarşı vandalizm aktları törədildi. Şuşanın tarixi simasının dəyişdirilməsi və Azərbaycan xalqının mədəni izlərinin silinməsi istiqamətində məqsədyönlü addımlar atıldı. Lakin bütün bunlar xalqımızın bu şəhərə bağlılığını və onu geri qaytarmaq əzmini sarsıda bilmədi. Şuşanın azad olunması hər bir azərbaycanlının qəlbində yaşayan müqəddəs arzuya çevrilmişdi. Xalqımız əmin idi ki, üçrəngli Dövlət Bayrağımız bir gün yenidən Şuşada dalğalanacaq. Bu inam Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin mənəvi əsaslarından biri idi”.

Deputat vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi-siyasi hadisələrindən biri olub:

“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, dövlətimizin hərbi qüdrətini və Ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq göstərdi. Şuşa əməliyyatı isə hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi yadda qaldı. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayalarla əhatə olunması və strateji mövqeyi onun azad edilməsini olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri ağır döyüşlərdə böyük iradə, cəsarət və fədakarlıq nümayiş etdirərək şəhərə daxil oldular. Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi məğlubiyyətini şərtləndirən əsas amillərdən birinə çevrildi. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri tariximizə əbədi həkk olundu”.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Şuşanın azad edilməsi yalnız hərbi Qələbə deyil, həm də tarixi ədalətin bərpası və milli-mənəvi dəyərlərimizin yenidən dirçəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır:

“Şuşanın azad olunduğu 8 noyabr tarixinin Zəfər Günü elan edilməsi bu tarixi hadisənin dövlətçilik tariximizdəki yerini bir daha təsdiqləyir. 2021-ci il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də mühüm siyasi və mədəni qərar idi. Bu qərar şəhərin xalqımızın tarixindəki müstəsna mövqeyinin dövlət səviyyəsində təsdiqi olmaqla yanaşı, onun beynəlxalq miqyasda tanıdılmasına da xidmət edir. 2022-ci ilin Azərbaycanda Şuşa İli elan edilməsi çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı mədəniyyət, incəsənət və elmi tədbirlər keçirildi. Şuşa 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazandı. Bu faktlar şəhərin yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk və islam dünyası üçün də mühüm mədəniyyət mərkəzi olduğunu göstərir. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun tarixi və mədəni əhəmiyyətinin dünya miqyasında tanıdılmasına böyük töhfə verir. Beləliklə, Şuşa yenidən Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunduğu mühüm mərkəzə çevrilir”.

Pərvanə Vəliyeva Şuşada aparılan bərpa və yenidənqurma işlərinin şəhərin tarixi simasının qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Şuşanın azad edilməsindən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri şəhərin tarixi görkəminin bərpası, mədəni irsinin qorunması və müasir infrastrukturunun yaradılması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhərin yolları, elektrik, su və kommunikasiya sistemləri yenidən qurulur, tarixi abidələr bərpa edilir. Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin aparılması, Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yenidən Şuşaya qaytarılması isə tarixi yaddaşımızın bərpasının rəmzinə çevrilib. Eyni zamanda, şəhərin tarixi küçələri, memarlıq nümunələri və turizm infrastrukturu yenidən qurulur. Şuşaya aparan Zəfər yolunun inşası da şəhərin nəqliyyat əlçatanlığının və inkişafının təmin olunmasında mühüm rol oynayır. Bütün bu işlər Şuşanın yalnız fiziki deyil, həm də mənəvi baxımdan dirçəldilməsinə xidmət edir”.

Deputat əlavə edib ki, Şuşanın dirçəlişi Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir:

“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Şuşada yaşayış evlərinin, sosial obyektlərin, təhsil və mədəniyyət müəssisələrinin bərpası şəhərin yenidən məskunlaşması üçün geniş imkanlar yaradır. Bu proses təkcə infrastrukturun qurulması deyil, həm də insanların öz doğma yurdlarında normal həyat şəraitinə qovuşması deməkdir. Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və digər mədəni tədbirlər şəhərin əvvəlki şöhrətinin bərpasının əyani göstəricisidir. Cıdır düzü, İsa bulağı, Şuşa qalası və digər tarixi məkanlar ölkəmizin turizm potensialının inkişafına da mühüm töhfə verir. Şuşanın yenidən qurulması gələcək nəsillərə ötürəcəyimiz mühüm tarixi və mənəvi mirasdır. Əminəm ki, bu şəhər bundan sonra da Azərbaycan xalqının milli birliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün rəmzi olaraq yaşayacaq”.

Sonda Pərvanə Vəliyeva noyabrın 8-nin Azərbaycan xalqının yaddaşında iki mühüm tarixi hadisəni birləşdirdiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu tarix həm də Zəfər Günü kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Şuşa Şəhəri Günü ilə Zəfər Gününün eyni tarixdə qeyd edilməsi təsadüfi deyil, çünki Şuşanın azad edilməsi Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin rəmzinə çevrilib. Bu gün biz həm qəhrəman hərbçilərimizin fədakarlığını, həm də xalqımızın sarsılmaz iradəsini ehtiramla yad edirik. Şuşanın azadlığı dövlətimizin gücünün, xalqımızın birliyinin və milli həmrəyliyimizin təntənəsidir. Bu Qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına, milli-mənəvi dəyərlərinə və dövlətçilik irsinə sahib çıxmaq əzmindədir. Şuşa bundan sonra da Azərbaycanın qürur mənbəyi və milli kimliyimizin əbədi rəmzi olacaq”.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər