Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib.
1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən mobil telefondan istifadə edən və TikTok sosial şəbəkəsində canlı yayımlar açan sürücülərə müraciət edib.
Mərkəzdən bildirilib ki, son dövrlər sükan arxasında olarkən mobil telefondan istifadə edən, sosial şəbəkələrə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir.
Qeyd olunub ki, paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürücü diqqətsizliyidir. Hərəkət zamanı diqqətin yoldan yayındırılaraq mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəldilməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Mərkəzin məlumatına görə, müşahidə kameralarının qeydə aldığı bir sıra yol-nəqliyyat hadisələrinin təhlili bəzi qəzaların məhz sürücülərin diqqətsizliyi nəticəsində baş verdiyini göstərir.
Vurğulanıb ki, sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölüm hallarına səbəb ola bilər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün sürücüləri sükan arxasında məsuliyyətli və diqqətli olmağa, hərəkət zamanı mobil telefondan və sosial şəbəkələrdən istifadə etməməyə çağırıb.













