Nəqliyyat və rabitə sektorunda artım, sənayedə azalma – 10 ayın göstəriciləri

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-oktyabr ayları üzrə ölkənin iqtisadi artım göstəricilərini açıqlayıb.
1news.az xəbər verir ki, hesabat dövründə Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.
Belə ki, neft-qaz ÜDM-i 35 milyard 229,1 milyon manat, qeyri-neft-qaz ÜDM-i isə 80 milyard 701,4 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun həcmi 58 milyard 539,6 milyon manat olub. Bu, illik müqayisədə 0,7 faiz azalma deməkdir. Qeyri-neft-qaz sənayesində isə 4,8 faiz artım qeydə alınıb və istehsalın həcmi 18 milyard 500,7 milyon manata çatıb.
Kənd təsərrüfatı məhsulunun həcmi 13 milyard 123,3 milyon manat təşkil edərək 1,4 faiz artıb.
Nəqliyyat və anbar təsərrüfatı xidmətləri 10,2 faiz artaraq 14 milyard 288,8 milyon manata, informasiya və rabitə xidmətləri isə 9,9 faiz artaraq 3 milyard 639,6 milyon manata çatıb.
Pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artaraq 57 milyard 523,4 milyon manat təşkil edib.
Əsas kapitala investisiyaların həcmi 16 milyard 519,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Qeyri-neft-qaz sektoruna investisiyalar isə 2,3 faiz artaraq 11 milyard 37,7 milyon manata çatıb.













