“Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdırıb” - ŞƏRH

"Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi və hüquqi əsaslarını müəyyən edən fundamental sənəddir".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycanın Konstitusiyasının tarixi əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğundakı tarixi missiyası ilə bağlı açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycanın konstitusiya quruluşunun formalaşması mürəkkəb tarixi proseslərdən keçib:
“1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm mərhələ təşkil etsə də, cəmi 23 ay fəaliyyət göstərdiyindən dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın konstitusiya tarixinin ilkin mərhələsi sovet hakimiyyəti dövrünə təsadüf edir. 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklər Azərbaycan SSR-in konstitusiya sisteminə də təsir göstərdi. 1925-ci ildə Konstitusiyaya əlavə və dəyişikliklər edildi, 1927-ci ildə isə Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olundu. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra 1937-ci il martın 14-də Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə mindi. Bu mərhələlər konstitusiya tariximizin formalaşmasında mühüm yer tutsa da, müstəqil dövlətçiliyin hüquqi əsaslarının yaradılması baxımından 1978-ci il Konstitusiyası xüsusi əhəmiyyət daşıyır”.
Ş.Seyidzadə qeyd edib ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndər Heydər Əliyevin mühüm tarixi xidmətlərindən biridir:
“1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanmışdı. 1978-ci il aprelin 2-də layihə ilə bağlı Azərbaycan SSR Ali Sovetində çıxış edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə sənədin 73-cü maddəsinə ‘Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir’ müddəası daxil edildi. Həmin dövrün siyasi reallıqları nəzərə alınarsa, bu müddəanın Konstitusiyada təsbit edilməsi olduqca mühüm addım idi. Azərbaycan dilinin dövlət dili statusunun hüquqi səviyyədə müəyyənləşdirilməsi milli kimliyin, ana dilinin və dövlətçilik düşüncəsinin qorunmasına xidmət edirdi. Bu, təkcə hüquqi norma deyil, xalqın milli-mədəni varlığının və tarixi yaddaşının qorunmasına yönəlmiş prinsipial mövqe idi. Həmin qərar milli dövlətçilik şüurunun möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyırdı”.
Deputatın sözlərinə görə, müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran yeni Konstitusiyanın hazırlanmasını çətinləşdirirdi:
“1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi xalqımızın tarixində yeni dövrün başlanğıcı oldu. Müstəqilliyin bərpası müasir dövlətin bütün hüquqi və institusional əsaslarının yaradılması vəzifəsini qarşıya qoyurdu. Yeni Konstitusiyanın hazırlanması da bu vəzifələrin əsas istiqamətlərindən biri idi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı və anarxiya bu mühüm prosesin həyata keçirilməsinə imkan vermirdi. Dövlət idarəçiliyi mexanizmlərinin lazımi səviyyədə formalaşmaması və qanunçuluğun təmin edilməsindəki çətinliklər müstəqil dövlət quruculuğunu ciddi sınaq qarşısında qoymuşdu. Belə bir şəraitdə 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın gələcək inkişafında həlledici rol oynadı. Onun siyasi iradəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi və dövlət quruculuğunun yeni mərhələsi üçün zəmin yaradıldı”.
Ş.Seyidzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsas məqsədi müstəqil Azərbaycanın demokratik prinsiplərə söykənən, uzunmüddətli və dayanıqlı fəaliyyət göstərəcək Əsas Qanununun hazırlanması idi:
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasına sadəcə hüquqi sənəd kimi yanaşmırdı. Onun qarşıya qoyduğu məqsəd dövlətin demokratik inkişafını təmin edəcək və xalqın iradəsinə əsaslanacaq fundamental qanunun hazırlanması idi. Yeni Konstitusiya hakimiyyət bölgüsünü, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətlərini dəqiq müəyyənləşdirməli idi. Dövlət idarəçiliyi ayrı-ayrı şəxslərin və ya qurumların iradəsindən deyil, hüquqi normalardan və xalqın iradəsindən qaynaqlanmalı idi. Hakimiyyət qollarının fəaliyyət prinsiplərinin hüquqi çərçivəyə salınması müasir dövlət quruculuğunun zəruri şərtlərindən biri idi. Eyni zamanda, insan hüquq və azadlıqlarının dövlətin başlıca vəzifəsi kimi təsbit edilməsi qarşıya qoyulan əsas məqsədlərdən idi”.
Deputat bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul edilərək dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub:
“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlandı. Layihənin ümumxalq müzakirəsinə çıxarılması və referendum yolu ilə qəbul edilməsi sənədin legitimliyinin, xalq iradəsinə əsaslanmasının mühüm təminatı idi. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Beləliklə, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası xalqın iradəsi ilə qəbul olundu və həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu tarixi hadisə müstəqillik dövründə dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri idi. Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. Bununla da müstəqil Azərbaycanın siyasi və ictimai həyatında yeni mərhələnin təməli qoyuldu”.
Ş.Seyidzadə qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra hüquqi dövlət quruculuğunun institusional əsaslarının formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb:
“Konstitusiyanın qəbulundan sonra 12 noyabrın Konstitusiya Günü kimi qeyd edilməsi bu tarixi hadisəyə verilən yüksək qiymətin ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi. 1996-cı il noyabrın 1-də imzalanmış Fərmanla həmin günün ölkəmizdə təntənəli şəkildə qeyd edilməsi tapşırıldı. Konstitusiyada dövlət hakimiyyətinin təşkili, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü, insan və vətəndaş hüquqlarının müdafiəsi, qanunların aliliyi kimi fundamental prinsiplər təsbit edildi. Eyni zamanda, konstitusiya ədalət mühakiməsi institutunun yaradılması üçün hüquqi baza formalaşdırıldı. 1997-ci il oktyabrın 21-də ‘Konstitusiya Məhkəməsi haqqında’ Qanun qəbul edildi, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimləri təyin olundu. Həmin il iyulun 18-də Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə məhkəmənin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi nəticəsində bu qurum fəaliyyətə başladı”.
Deputatın sözlərinə görə, sonrakı illərdə Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəçiliyinin və hüquqi təminatların təkmilləşdirilməsi məqsədi daşıyıb:
“2002-ci il avqustun 24-də keçirilən referendumla Konstitusiyanın 24 maddəsinə 29 dəyişiklik edildi. 2009-cu il martın 18-də keçirilən referendumda isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik qəbul olundu. Bu dəyişikliklər ölkənin sosial-iqtisadi inkişafının yaratdığı yeni reallıqlar, vətəndaşların hüquq və azadlıqlarının təminatının gücləndirilməsi və sosial dövlət prinsiplərinin genişləndirilməsi ilə bağlı idi. 2016-cı il sentyabrın 26-da keçirilən referendum da Konstitusiyanın təkmilləşdirilməsi prosesində növbəti mühüm mərhələ oldu. Həmin referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edildi. Dəyişikliklər dövlət hakimiyyəti və məhkəmə orqanlarının, eləcə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasını nəzərdə tuturdu. Həmin dəyişikliklər çərçivəsində Birinci vitse-prezidentlik institutu yaradılaraq dövlət idarəetmə sistemində yeni təsisat formalaşdırıldı”.
Ş.Seyidzadə vurğulayıb ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycanın dövlətçilik tarixində yalnız başlanğıc nöqtəsi deyil, həm də davamlı inkişafın hüquqi dayağıdır:
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini təsbit edib. Dövlətimizin başçısı bu tarixi sənədin müəllifinin xalqımızın Ulu Öndər Heydər Əliyev olduğunu xüsusi qeyd edib. Bu fikir Konstitusiyanın həm tarixi mənşəyini, həm də müasir dövlətçilik sistemindəki rolunu aydın ifadə edir. Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbulundakı rəhbərliyi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında onun tarixi xidmətlərinin ən mühüm ifadələrindən biridir. Bu gün Konstitusiya dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquqi sistemin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən fundamental sənəd olaraq öz əhəmiyyətini qoruyur. Onun qəbul edilməsi ilə yaradılmış hüquqi baza ölkəmizin gələcək inkişafı üçün mühüm təminatlardan biridir”.












