Tələbə ingilis bölməsinə qəbul olur, amma dərsləri anlaya bilmir - Ekspertdən TƏKLİFLƏR

Ölkəmizdə təhsil məsələləri hər zaman aktual müzakirə mövzularından biri olub.
Təhsilin keyfiyyəti, müəllimlərin peşəkarlığı və şagirdlərin, eləcə də tələbələrin təhsil imkanları cəmiyyətdə daim diqqət mərkəzindədir.
Bəs ali təhsil müəssisələrinin ingilis və rus bölmələrinə qəbul olunan tələbələr niyə təhsil aldıqları dildə çətinlik çəkirlər? Bir sıra universitetlərdə hazırlıq (Foundation) mərhələsi tətbiq olunduğu halda, digərlərində bu təcrübənin olmamasının səbəbi nədir? Əsas problem tələbələrin qəbul ballarının aşağı olması, xarici dil biliklərinə dair tələblərin yetərincə yüksək müəyyənləşdirilməməsi, yoxsa universitetlərin institusional və kadr potensialının kifayət qədər olmamasıdır?
Mövzu ilə bağlı fikirlərini 1news.az-a təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Ekspertin hesab edir ki, universitetlərdə ingilis dilində tədris olunan ixtisaslara qəbul zamanı namizədlərin xarici dil biliklərinə dair tələblər daha ciddi olmalıdır:
“Tələbələrin universitetlərdə ingilis dilində təhsil alması üçün müəyyən dil biliyi tələblərinin və bal həddinin müəyyən edilməsi vacibdir. Lakin bu tələblər universitetlər üzrə fərqlənir. Məsələn, bəzi dövlət universitetlərində ingilis bölməsində təhsil almaq istəyən tələbələr üçün qəbul zamanı 100 bal üzərindən müəyyən edilmiş minimum nəticə həddini- 40 balı keçmək tələb olunur. Digər universitetlərdə isə bu hədd 60, hətta 70 bal müəyyən edilə bilər.
Bununla yanaşı, bəzi universitetlərdə qəbul prosesindən sonra tələbələrin ingilis dili bilikləri əlavə olaraq daxili imtahan vasitəsilə qiymətləndirilir. Əgər tələbə həmin imtahandan uğurla keçə bilmirsə, ona bir il müddətində əlavə ingilis dili təhsili almaq imkanı yaradılır. Yalnız bundan sonra tələbə əsas ixtisas fənlərinin tədrisinə başlayır.
Digər universitetlərdə isə bu yanaşma fərqlidir. Belə ki, tələbənin qəbul zamanı ingilis dili biliyinin səviyyəsindən asılı olmayaraq, ona ingilis dilində təhsil almaq imkanı verilir. Hətta qəbul imtahanında xarici dil kimi başqa bir dili seçmiş namizədlər də ingilis dilində tədris olunan proqramlarda təhsil ala bilirlər.
Hesab edirəm ki, universitetlərdə ingilis dilində tədris olunan ixtisaslara qəbul zamanı namizədlərin xarici dil biliklərinə dair tələblər daha ciddi, obyektiv və vahid meyarlar əsasında müəyyənləşdirilməlidir. Çünki ingilis bölməsində təhsil almaq yalnız qəbul imtahanında yüksək bal toplamaqdan ibarət deyil. Bu, eyni zamanda həmin dildə akademik bilikləri mənimsəmək, elmi mənbələri oxumaq, mühazirələri anlamaq və fikirləri sərbəst ifadə etmək bacarığı tələb edir”.
Ekspert həmçinin qeyd edib ki, tələbənin qəbul imtahanında yüksək bal yığması ingilis dilində yaxşı bilməsi mənasına gəlmir:
“Burada əsas problemlərdən biri ondan ibarətdir ki, qəbul imtahanında əldə edilən nəticə hər zaman tələbənin real ingilis dili səviyyəsini əks etdirmir. Tələbə qəbul imtahanında yüksək nəticə göstərsə belə, universitetdə ingilis dilində keçirilən mühazirələri anlamaqda, akademik mətnləri oxumaqda və yazılı tapşırıqları yerinə yetirməkdə çətinlik çəkə bilər. Nəticədə tələbə ixtisas biliklərini mənimsəmək əvəzinə, dil baryerini aradan qaldırmağa daha çox vaxt sərf edir. Bu isə tədris prosesinə və ümumilikdə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Bu baxımdan hesab edirəm ki, ingilis bölməsinə qəbul zamanı yalnız ümumi qəbul balına əsaslanmaq kifayət deyil. Namizədlərin dil bacarıqları ayrıca və kompleks şəkildə qiymətləndirilməlidir. Xüsusilə dörd əsas istiqamətə diqqət yetirilməlidir: oxuyub-anlama, dinləyib-anlama, yazı və danışıq bacarıqları. Çünki akademik mühitdə uğurlu təhsil almaq məhz bu dörd dil bacarığının qarşılıqlı və kompleks inkişafını tələb edir”.
Rizvan Fikrətoğlu qeyd edib ki, qəbul mexanizmi ilə yanaşı, universitetlərdə tələbələrin dil səviyyəsinin ilkin diaqnostik qiymətləndirilməsi də düzgün meyarlar əsasında aparılmalıdır:
“Mövcud qəbul mexanizminin effektivliyini qiymətləndirərkən daha bir vacib məqamı nəzərə almaq lazımdır: qəbul imtahanında ingilis dili üzrə yüksək nəticə göstərmək heç də həmişə həmin dildə universitet təhsilini uğurla davam etdirmək demək deyil.
Buna görə də qəbul mexanizmi ilə yanaşı, universitetlərdə tələbələrin dil səviyyəsinin ilkin diaqnostik qiymətləndirilməsi də düzgün meyarlar əsasında aparılmalıdır. Əslində, bir sıra universitetlərdə bu cür qiymətləndirmə mexanizmləri mövcuddur. Lakin bəzi universitetlərdə bu prosesin lazımi səviyyədə həyata keçirilməməsinin səbəblərindən biri də kadr potensialı ilə bağlıdır.
Belə hallarla tez-tez rastlaşırıq: tələbə ingilis dilində tədris olunan ixtisasa qəbul olunur, lakin həmin fənləri ingilis dilində tədris edə biləcək müəllim çatışmazlığı yaranır. Nəticədə ingilis dilində tədris nəzərdə tutulan bəzi fənlər əslində Azərbaycan dilində tədris olunur.
Bu isə göstərir ki, problem yalnız tələbələrin dil bilikləri ilə məhdudlaşmır. Universitetlərin özlərinin də ingilis dilində keyfiyyətli tədrisi təmin etmək üçün zəruri kadr potensialına və institusional imkanlara malik olması vacibdir”.
Son olaraq ekspert qeyd edib ki, universitet tələbədən ingilis dilində təhsil almağı tələb edirsə, ilk növbədə özü də bu tədrisi həyata keçirməyə hazır olmalıdır.













